"Evimə basqın edib döydülər, polislər isə susur"-VİDEO
Gürcüstanda tənha yaşayan təqaüdçü qadına qarşı törədilən uzunmüddətli zorakılıq və təzyiq hadisəsi ölkədə ciddi narahatlıq doğurub.
Xeber.ge xəbər verir ki, 68 yaşlı təqaüdçü Sürayə İsmayılova qonşuları tərəfindən daimi olaraq fiziki və psixoloji terrora məruz qaldığını iddia edir.
Aldığı ağır xəsarətlərlə bağlı kliniki ekspertiza sənədlərini təqdim edən yaşlı qadının bədənində baş beynin silkələnməsi, çoxsaylı bədən xəsarətləri və qansızmalar aşkar edilib.
Uçqar kəndlərin birində tənha yaşayan Sürayə İsmayılova üzləşdiyi dəhşətli günləri göz yaşları içində belə nəql edib:
"Evimə zorla basqın etdilər, məni elə vəhşicəsinə döydülər ki, kəllə-beyn travması ilə tam bir il yataq xəstəsi oldum.
Məni şikəst etdilər, xəstəliyə saldılar. İndi aldığım bütün təqaüdümü (pensiyamı) dərmanlara xərcləyirəm, zərbələrdən gözlərim artıq yaxşı görmür. Burada tənha yaşayıram, bir inəyim və toyuqlarım var, özümü onlarla dolandırıram.
Amma mənə rahatlıq vermirlər; nə toyuqlarımı saxladılar, nə də inəyin yemini buraxdılar, hər şeyi məhv etdilər, yenidən almaq məcburiyyətində qalıram".
Zərərçəkmiş qadın bildirir ki, bu amansız hücum birdəfəlik insident olmayıb və o, daimi olaraq qonşularının hədəfindədir.
İlk zorakılıq hadisəsindən sonra özünü qorumaq məqsədilə evinin ətrafına nəzarət kameraları quraşdırdığını deyən S.İsmayılova təcavüzkarların bundan da çəkinmədiyini vurğulayıb:
"Özümü təhlükəsizlikdə hiss etmək üçün min lari verib müşahidə kameraları aldım. Gəlib hər şeyi darmadağın etdilər, evimi viran qoydular.
Bu ölkədə qanun yoxdurmu? Mən axı nə etmişəm, günahım nədir?".
Hadisənin ən skandal məqamı isə yerli hüquq-mühafizə orqanlarının məsələyə qarşı nümayiş etdirdiyi soyuqqanlıq və laqeydlikdir.
Yaşlı qadın başına gələn qanunsuzluqlarla bağlı dəfələrlə rəsmi şəkildə polisə ərizə ilə müraciət etdiyini bildirib.
Lakin yayılan son məlumatlara görə, hadisədən uzun müddət keçməsinə və qadının ağır xəsarətlər almasına baxmayaraq, polis idarəsi şübhəli bilinən qonşuları indiyədək dindirilməyə belə çağırmayıb.
Hazırda insan hüquqları müdafiəçiləri və media qurumları tənha qadının təhlükəsizliyinin təmin olunması və cinayətkarların qanun qarşısında cavab verməsi üçün Daxili İşlər Nazirliyini hərəkətə keçməyə çağırır.