Dmanisidə çoban amansızcasına döyülüb-VİDEO

Jun 14, 2026 - 14:49
 0  72

Dmanisidə çoban amansızcasına döyülüb. Zərərçəkmiş şəxs bir neçə yerli sakinin ona bel və dəyənəklərlə hücum etdiyini bildirib.

Onun sözlərinə görə, hadisədən sonra hücum edənlər ərazidən qaçıb, özü isə küçədə huşsuz vəziyyətdə qalıb.

XEBER.GE xeber  verir ki, 49 yaşlı çoban ayılandan sonra dərhal "112" təcili yardım xidmətinə zəng etdiyini, lakin hadisə yerinə polisin gəlmədiyini iddia edir. Onun köməyinə yalnız təcili tibbi yardım briqadası yetişib.

Zərərçəkmiş çoban hadisədə adı keçən 5 nəfərin hələ də azadlıqda gəzdiyini və hüquq-mühafizə orqanları tərəfindən himayə olunduqlarını iddia edir.

"Mənə dedilər ki, qoyunları evlərin yanından niyə aparırsan, asfalt yoldan kənara niyə çıxarırsan? Mən də dedim ki, qoyunların sahibinə zəng edim, gəlsin. Elə zəng vurub 'gəlin, məni öldürürlər' deməyə çatmamış, gəlib məni vurdular. Beş nəfər gəlmişdi, amma üçü məni amansızca döydü.

Əvvəlcə başıma böyük taxta ilə vurdular, huşumu itirib yıxıldım. Sonra bellə, təpiklərlə vurdular, artıq ölü vəziyyətində idim... Sonra təcili yardıma və patrula zəng etdim ki, kömək edin, məni öldürürlər. Hücum edənlər isə mənə 'hara istəyirsən zəng elə, Gürcüstanda hər yer bizimdir' dedilər.

 Patrul polisi isə deyir ki, üç nəfəri yox, yalnız bir nəfəri tutacağıq. Polis ilk olaraq zərərçəkənin deyil, hücum edənlərin kəndinə getdi, mənim yanıma isə ancaq təcili yardım gəldi", — deyə çoban "Tv Pirveli"yə hadisəni nəql edib.

Hadisədən artıq 4 gün keçməsinə baxmayaraq, faktla bağlı hələ də heç kim həbs olunmayıb. Zərərçəkmiş şəxs istintaqın səmərəli aparılmasını və günahkarların qanun qarşısında cəzalandırılmasını tələb edir.