DİN sürücülük imtahanları ilə bağlı iddialara cavab verdi

Apr 17, 2026 - 11:55
 0  263
DİN sürücülük imtahanları ilə bağlı iddialara cavab verdi

Gürcüstan Daxili İşlər Nazirliyinin   Xidmət Agentliyi son günlər bəzi media orqanlarında qurumun ünvanına səsləndirilən ittihamlara rəsmi cavab verib.

 Agentlik vətəndaşların imtahanlardan qəsdən kəsilməsi və süni maneələr yaradılması barədə yayılan məlumatları "tamamilə yalan" adlandırıb.

 Xeber.ge xəbər verir ki, agentliyin yaydığı bəyanatda vurğulanıb ki, bu cür informasiyalar qurumun nüfuzuna xələl gətirməyə hesablanmış kampaniya xarakteri daşıyır.

  DİN-dən bildirilib ki, sürücülük vəsiqəsi almaq üçün praktiki imtahanlar ölkənin 10 şəhərində keçirilir və vətəndaşlar üçün həm planlı, həm də qeyri-planlı növbələrin götürülməsi imkanları daim yenilənir. Agentlik vurğulayır ki, bütün təlim avtomobilləri audio və video qeydiyyat cihazları ilə təchiz olunub:

·         İmtahan nəticəsindən narazı olan vətəndaşların görüntülərlə tanış olmaq hüququ var;

·         Namizədlər istənilən vaxt şikayət edərək imtahan nəticələrinin yenidən araşdırılmasını tələb edə bilərlər.

  Agentlik, həmçinin vətəndaşın "etiraz aksiyasında yol bağladığına görə" imtahana buraxılmaması barədə yayılan məlumatları da təkzib edib. Qurum izah edib ki, imtahana buraxılmamaq üçün yalnız konkret qanunvericiliklə müəyyən edilmiş hallar əsas ola bilər:

·         Sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməyə görə ödənilməmiş cərimələrin olması (116, 121, 118-4/1, 118-4/2-ci maddələr);

·         Narkotik vasitələrdən istifadə faktının qeydə alınması;

·         Hər hansı cinayət faktına görə sürücülük hüququnun məhkəmə tərəfindən məhdudlaşdırılması.

DİN bəyan edib ki, yayılan dezinformasiyalar ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır və agentlik beynəlxalq standartlara uyğun, şəffaf xidmət göstərməyə davam edəcək.