“Bu, şantajdır və çox təəssüf doğurur”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Polşanın Baş naziri Donald Tuskun Gürcüstanla vizasız rejimin dayandırıla biləcəyi barədə bəyanatına münasibət bildirib.
Kobaxidze bu cür açıqlamaları “şantaj” adlandırıb və onların Gürcüstan xalqına qarşı təzyiq vasitəsi kimi istifadə olunmasını qəbuledilməz hesab edib.
"Bu, açıq şəkildə şantajdır. Şantaj istənilən halda şantaj olaraq qalır. Təəssüf ki, bu cür hədələr olduqca məyusedici və narahatedicidir," – deyə baş nazir jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, “kimsə Gürcüstan xalqının verdiyi qərarla razılaşmırsa, bu, həmin xalqı hədələməyə əsas vermir”. Kobaxidze vurğulayıb ki, Gürcü xalqı ötən il öz seçimini edib – ölkənin inkişafı, daxili sabitlik və Avropa inteqrasiyası lehinə səs verib. O, bu seçimin hörmətlə qarşılanmalı olduğunu bildirib.
Baş nazir əlavə edib ki, Polşa parlamentində səsləndirilən bəyanatlar nəinki Gürcüstan xalqına qarşı hədə hesab olunur, həm də Avropa bürokratiyasının imicinə mənfi təsir göstərir.
"Ümid edirəm ki, gələcəkdə bu yanaşmalar dəyişəcək. İllərdir davam edən bu şantaj cəhdləri Gürcüstan cəmiyyətinə təsir etmir və bunun heç bir nəticə vermədiyi artıq aydındır," – deyə Kobaxidze əlavə edib.
Xatırladaq ki, Polşanın Baş naziri Donald Tusk parlamentdə çıxışı zamanı qeyri-qanuni miqrasiya məsələsinə toxunub və bu kontekstdə Gürcüstanın adını çəkib. O bildirib ki, Avropa hüququna dəyişiklik etmək və qeyri-qanuni miqrasiya riskini minimuma endirmək üçün mövcud alətlərdən istifadə etməyə hazırdır.
Tusk əlavə edib ki, Gürcüstan da daxil olmaqla, müəyyən ölkələrlə vizasız rejimin məhdudlaşdırılması və ya dayandırılması imkanları müzakirə olunur. O, məsələnin yalnız Gürcüstana deyil, həm də Polşa və Avropa üçün təhlükə yaradan miqrasiya mənbəyi olan digər ölkələrə də aid olduğunu vurğulayıb.
mənbə: interpress