“Komandamızda xəyanət də oldu, amma biz dözdük”

Oct 1, 2025 - 12:12
 0  22
“Komandamızda xəyanət də oldu, amma biz dözdük”

 

“Şəxsən mənim üçün ən ağır məqamlardan biri odur ki, ötən illərdə komandamızın daxilində də xəyanət oldu. Bu, təkcə ‘Gürcü Arzusu’nu böhran qarşısında qoymadı, həm də gürcü xalqı və ölkəmiz üçün inkişaf trayektoriyasından yayınma, hakimiyyətin xarici maraqlara xidmət edən qüvvələrin əlinə keçməsi kimi real təhlükə yaratdı.”

Bu barədə  “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişvili bəyan edib.

O, bu açıqlamasını 2012-ci il 1 oktyabrda partiyanın seçkidə qələbəsi ilə bağlı yayıb.

İvanişvili bildirib ki, dost və tərəfdaş maskası altında gizlənmiş bəzi xarici qüvvələr açıq şəkildə etiraf etməli oldular ki, onlardan yalnız öz maraqlarına xidmət etməyi tələb edirlər.

“Keçmişdə komandamızın bir çox üzvü qərar verdi ki, güclü xarici qüvvələrə xidmət etməklə və ya vətəndaşlarımızın maraqlarını qurban verib şəxsi komfortunu təmin etməklə daha çox fayda qazana bilər. Onlar hesab etdilər ki, bu, komandanın və ölkənin maraqlarını kənara qoymağa dəyər. Ancaq biz buna da dözdük! 2011-ci ildən bəri olduğu kimi, Gürcü cəmiyyətinin və müdrik xalqımızın dəstəyi bizə mübarizə əzmi və bütün çətinliklərin öhdəsindən gəlmək inamı verirdi.

Məhz daimi ayıqlıq, həqiqətin tərəfində dayanmaq və suverenliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl səylər nəticəsində biz bütün xəyanətkarları ifşa etdik. Daxili düşmənləri öz hərəkətlərinin milli yox, xarici maraqlara xidmət etdiyini açıq şəkildə etiraf etməyə məcbur etdik. Xarici qüvvələr açıq deməli oldular ki, bizdən onların maraqlarına boyun əyməyi tələb edirlər.

Elə buna görə də ölkəmizə və xalqımıza qarşı təzyiq və şantaj artdı. Bu, müxtəlif formalarda özünü göstərdi. Regional müharibələrin fonunda Gürcüstanın suverenliyinə hücumlar daha da tez-tez və kəskin xarakter aldı. Lakin artıq bu qüvvələr öz məqsədlərini illər boyu olduğu kimi daxili düşmənlərin deyil, xarici qüvvələrin əli ilə həyata keçirməyə məcburdurlar.

Bununla yanaşı, ölkə daxilində onların dayaqları – müxalifət partiyaları və qeyri-hökumət təşkilatlarında gizlənmiş agentlər zahirdə zəifləsələr də, yaxşı başa düşməliyik ki, hansı güclər ölkəmizi öz maraqlarına tabe etdirməyə çalışır. Onlar üçün heç bir problem yoxdur – ictimaiyyəti aldatmaq üçün bir tanınmış simanı digər şəxslə, bir partiyanı başqa partiya ilə, bir televiziyanı başqa televiziyayla əvəz etmək. Onlar daim Gürcüstan əleyhinə çıxış edən yeni-yeni xarici siyasətçiləri və “ekspertləri” səhnəyə çıxara bilərlər. Amma anlamırlar ki, artıq xalqımızı aldada bilməyəcəklər. Bu gün gürcü cəmiyyəti ideyalara və fikirlərə diqqətlə qulaq asır, təhlil əsasında məntiqli nəticələr çıxarır. Gürcü xalqı üçün nüfuzlu olan isə adlar və titullar deyil, yalnız həqiqətdir!” – deyə Bidzina İvanişvili vurğulayıb.

mənbə: interpress