Bu il Gürcüstandan azı 4 min qanunsuz miqrant deportasiya olunacaq
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, bu il ölkədən ən azı 4 min qanunsuz miqrantın deportasiyası planlaşdırılır.
Baş nazir bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, təxmini hesablamalara əsasən, ötən il Gürcüstanda 20 minə yaxın qanunsuz miqrant olub və hökumət bu problemin həlli istiqamətində fəal iş aparır.
İ.Kobaxidze qeyd edib ki, bu məqsədlə Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin fəaliyyəti gücləndirilib.
"Son 12 ay ərzində Gürcüstandan son 10 ildə olduğundan daha çox qanunsuz miqrant deportasiya edilib. Bu il isə daha iddialı hədəf müəyyənləşdirilib. Planımıza əsasən, ən azı 4 min qanunsuz miqrant ölkədən çıxarılacaq. Bu, növbəti dörd il ərzində qanunsuz miqrasiya problemini, demək olar ki, tam aradan qaldırmağa imkan verəcək. Bu, Gürcüstan üçün çox vacib vəzifələrdən biridir", - deyə Baş nazir bildirib.
mənbə: report