Britaniya vətəndaşı narkotik cinayətinə görə saxlanılıb

Apr 12, 2025 - 13:22
 0  15
Britaniya vətəndaşı narkotik cinayətinə görə saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti Polis Departamentinin Mtsxeta Rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və kultivasiyası faktı üzrə Böyük Britaniya vətəndaşı, 1988-ci il təvəllüdlü D.H.-ni saxlayıblar. 

Bu barədə məlumatı DİN yayıb.

Nazirliyin açıqlamasına görə, törədilmiş cinayətlərə görə 4 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur.

 “Hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik cinayətinə görə saxlanılan şəxsin üzərinə və yaşayış evinə baxış keçirərkən satış üçün hazırlanmış külli miqdarda narkotik vasitə və elektron tərəzi maddi sübut kimi götürülüb. Həmçinin, narkotik tərkibli bitkilərin yetişdirilməsi üçün qurulmuş istixanadan 13 ədəd çətənə (kannabis) kolu aşkarlanaraq götürülüb,” – deyə rəsmi məlumatda bildirilir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 265-ci və 273¹-ci maddələri ilə aparılır.

mənbə: interpress