Batumidə ana zorakılığına məruz qalan körpə vəfat edib
Gürcüstanın Batumi şəhərində anası tərəfindən ağır xəsarətlər yetirilən yeni doğulmuş körpənin həyatını xilas etmək mümkün olmayıb.
Xeber.ge xəbər verir ki,
Klinikadan bildirilib ki, həkimlərin bir neçə gün davam edən intensiv mübarizəsinə baxmayaraq, körpə bu gün səhər saatlarında dünyasını dəyişib:
"Böyük kədərlə bildiririk ki, həkimlərin çoxgünlük intensiv səylərinə və həyata keçirilən bütün mümkün tibbi tədbirlərə baxmayaraq, fevralın 22-də İris Borçaşvili adına 'Medina' Sağlamlıq Mərkəzində dünyaya gələn körpə (klinikamızın əməkdaşının övladı) vəfat edib. İlk dəqiqələrdən həm mərkəzimizin, həm də dəvət olunmuş müxtəlif profilli mütəxəssislərin iştirakı ilə yüksək peşəkar standartlara uyğun müdaxilələr edilsə də, vəziyyəti əvvəlcədən son dərəcə ağır idi."
Klinika rəhbərliyi hadisə ilə bağlı bu gün saat 12:00-da media nümayəndələri üçün geniş rəsmi şərh verəcəyini açıqlayıb.
Dəhşətli hadisə 2026-cı il fevralın 23-də Batumidə baş verib. İstintaq məlumatlarına görə, klinikanın əməkdaşı olan qadın xəstəxananın sanitar qovşağında doğum edib, daha sonra isə yeni doğulmuş körpənin bədəninin müxtəlif nahiyələrinə həyati təhlükə yaradan ağır xəsarətlər yetirib.
Körpənin anası hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. İlkin olaraq ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 19-112-ci maddəsi (Yeni doğulmuş körpəni qəsdən öldürməyə cəhd) ilə ittiham irəli sürülüb.
Lakin körpənin ölümü ilə əlaqədar olaraq, yaxın saatlarda ittihamın daha ağır maddəyə tövsif ediləcəyi gözlənilir.