Bağçada 3 yaşlı uşağı lüt soyundurub saatlarla yerdə saxlayıblar
Gürcüstanda özəl uşaq bağçalarından birində azyaşlıya qarşı törədilən ağlasığmaz qəddarlıq və qeyri-insani rəftar ölkəni ayağa qaldırıb.
Xeber.ge xəbər verir ki, 3 yaşlı uşağın anası Edita Danelyan sosial şəbəkə hesabında övladının üzləşdiyi dəhşətli "faşist" rəftarını video-görüntülərlə bərabər ifşa edib.
Şikayətçi ana bildirir ki, "Bel-Mari" adlı özəl körpələr evi-uşaq bağçasında onun 3 yaşlı körpəsinin paltarlarını soyunduraraq saatlarla soyuq döşəmənin (döşəmənin) üzərinə uzadıblar və ağlamasına baxmayaraq, tərbiyəçilər tərəfindən tamamilə laqeydliyə məruz qalıb.
Edita Danelyan öz müraciətində uşaq bağçasının rəhbərliyini və tərbiyəçiləri kəskin tənqid edərək rüsvayçı mənzərəni belə təsvir edib:
"Hər kəsi salamlayıram və Uşaqları Müdafiə Gününü təbrik edirəm! Amma bu gün, yəni 1 İyun tarixində, özəl 'Bel-Mari' bağçası bu günü möhtəşəm və təmtəraqlı şəkildə qeyd etdiyi bir vaxtda, mən 3 yaşlı övladımı nevropatoloq və psixoloq müayinəsinə aparmışam.
Uşağımın uzunmüddətli reabilitasiyaya ehtiyacı var! Mənim 3 yaşlı körpəmi psixoloji cəhətdən məhv ediblər.
Bu barədə dəfələrlə bağçanın direktoru Bela Qabuniyaya və tərbiyəçi Tamunaya xəbərdarlıq etsəm də, direktor mənə uşağın orada sadəcə xüsusi 'rejimdə' olduğunu, dərslərdə və fəaliyyətlərdə iştirak etdiyini, uşağımın isə sadəcə bu rejimə alışa bilmədiyini deyərək məni aldadırdı".
Ananın sözlərinə görə, azyaşlı uşaq bir ay boyunca evdə bağçada baş verənlər barədə anasına işarələr versə də, valideyn əvvəlcə buna inana bilməyib:
"Bir ay ərzində uşağım mənə deyirdi ki, 'Müəllimə məni vurur, saçımı yolur, qorxuram, mənə soyuqdur, ana, məni yerə uzatma'.
Mən heç cür təsəvvür edə bilmirdim və uşağın nə demək istədiyini anlamırdım.
Nə vaxt ki, uşağın psixologiyasının tamamilə pozulduğunu, aqressivləşdiyini, gecələr qorxu ilə oyanıb 'Məni bağçaya aparma, ana, məni yerdə yatırtma' deyə ağladığını gördüm, bağçanın kamera görüntülərini tələb etdim".
Bağça rəhbərliyi əvvəlcə əsassız olduğunu iddia edərək görüntüləri anaya göstərməkdən imtina edib. Yalnız hüquq-mühafizə orqanlarına şikayət ediləcəyi ilə bağlı xəbərdarlıqdan sonra ana kamera qeydlərini əldə edə bilib.
Edita Danelyanın sözlərinə görə, videoda görünənlər tam bir insanlıq dramıdır:
"Kamerada gördüklərim tam bir qeyri-insani, faşist rəftarı idi! Şəxsən mənim uşağımın paltarlarını soyundurub çılpaq, təkcə bir bodi ilə hər gün saat 11:00-dan 16:00-a və ya 17:30-a qədər soyuq döşəmənin üzərində uzadırdılar.
Uşaq hər dəfə ayağa qalxmaq istəyəndə tərbiyəçi kobud şəkildə onu yenidən yerə yıxırdı. Otaqdakı digər uşaqlar normal oturub oynayırdılar, mənim övladım isə yerdə çılpaq uzanıb kömək diləyirdi.
Tərbiyəçilər isə eyni otaqda oturub telefonda 'skrol' edir (sosial şəbəkələrə baxır), uşağı ayaqlarından dartıb kobudcasına yerə atırdılar. 4 saatdan sonra uşağım acıdığı üçün yavaş addımlarla çılpaq halda tərbiyəçiyə yaxınlaşıb 'mənə yemək ver' deyəndə, o, eyni qaşıqla uşağa cəmi bir tikə yemək verdi. Dərhal sonra ikinci tərbiyəçi uşağı əlindən qaparaq yenidən döşəməyə atdı və üzünü mələfə (prostina) ilə eynilə bir meyit kimi örtdü!"
Şikayətçi valideyn bağçada digər uşaqlara qarşı da sanitariya və etik qaydaların kobud şəkildə pozulduğunu bəyan edib.
O, otaqda qız və oğlan uşaqlarının hamısının gözü qarşısında paltarların dəyişdirildiyini, hətta uşaqların bir hissəsinin çarpayılarda deyil, dərslərin keçirildiyi masaların (stolların) üzərində yatırıldığını iddia edib.
Əlində bütün bu işgəncə faktlarını sübut edən rəsmi video-yazıların olduğunu bildirən ana, digər valideynləri də diqqətli olmağa və bağçadakı kameraları yoxlamağa çağırıb: "Mənim sağlam uşağımı məhv etdilər, 3 yaşlı körpənin psixikasını yerlə-yeksan etdilər".
Faktla bağlı artıq Gürcüstanın aidiyyatı qurumları, sosial xidmət və hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanıldığı bildirilir.
Yaxın saatlarda bağça rəhbərliyi və sözügedən tərbiyəçilərin istintaqa cəlb olunacağı gözlənilir.