Azyaşlı ögey qızını zorlayan və narkotikə öyrəşdirən ataya ÖMÜRLÜK HƏBS verildi

Jun 3, 2026 - 22:25
 0  22
Azyaşlı ögey qızını zorlayan və narkotikə öyrəşdirən ataya ÖMÜRLÜK HƏBS verildi

Gürcüstanda azyaşlılara qarşı törədilən ən ağır cinayətlərdən biri üzrə aparılan məhkəmə prosesi yekunlaşıb.

Xeber.ge xeber  verir ki, Baş Prokurorluğun yaydığı rəsmi bəyanata görə, Apelyasiya Məhkəməsi prokurorluğun şikayətini təmin edərək, caniyə verilən cəzanı kəskin şəkildə ağırlaşdırıb və onu ömürlük dəmir barmaqlıqlar arxasına göndərib.

Məhkəmə tərəfindən araşdırılan və sübuta yetirilən materiallara görə, təqsirləndirilən şəxs yaşından dolayı köməksiz və müdafiəsiz vəziyyətdə olan azyaşlı ögey qızını sistemli şəkildə zorlayıb, onun şərəf və ləyaqətini alçaldan qeyri-insani şəraitə məruz qoyub.

Bununla da kifayətlənməyən cani, azyaşlı qurbanını narkotik maddə istehlakına cəlb edib və ona mütəmadi olaraq marixuana çəkdirib. Eyni zamanda, qızın bədəninin pornoqrafik foto və video görüntülərini qanunsuz yollarla əldə edərək öz şəxsi mobil telefonunda saxlayıb.

İstintaq həmçinin sübut edib ki, müttəhim təkcə ögey qızına deyil, daha iki fərqli azyaşlı uşağa qarşı da əxlaqsız və cinsi xarakterli cinayətkar əməllər törədib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 2025-ci il oktyabrın 18-də saxlanılan şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin ailə üzvünə qarşı zorlama (11-prima 137), əxlaqsız hərəkətlər (141), şəxsi həyatın toxunulmazlığının pozulması (157-prima), uşaq pornoqrafiyası (255), narkotikə cəlbetmə (272) və qeyri-insani rəftar (11-prima 144-tertia) maddələri daxil olmaqla ondan çox bəndlə ağır ittiham irəli sürülüb.

İlk instansiya məhkəməsi — Tbilisi Şəhər Məhkəməsi təqsirləndirilən şəxsi tam təqsirli bilsə də, ona 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdi. Dövlət ittihamçısı (prokurorluq) cinayətin vəhşiliyini və miqyasını əsas gətirərək bu cəzanın yüngül olduğunu bildirib və qərardan yuxarı instansiyaya şikayət edib.

Tbilisi Apelyasiya Məhkəməsi işin bütün halları ilə tanış olduqdan sonra prokurorluğun bəraətli vəsatətini haqlı hesab edib.

Məhkəmənin son qərarı ilə 20 illik həbs cəzası ləğv edilib və cinayətkara ömürlük azadlıqdan məhrumetmə   cəzası kəsilib. Qərar qətidir.