Keçmiş həyat yoldaşını"barışıq" adı ilə evə çağırıb dəftərxana bıçağı ilə doğradı-VİDEO
Tbilisidə qadına qarşı törədilən növbəti qorxulu və amansız cinayət hadisəsinin tükürpədici təfərrüatları məlum olub.
Xeber.ge xəbər verir ki, 30 yaşlı gənc qadın keçmiş əri tərəfindən vəhşicəsinə işgəncəyə və bıçaqlı hücuma məruz qalıb.
Hazırda həkimlər xəstəxanada ağır yaralı olan qadının həyatını xilas etmək üçün zamanla mübarizə aparırlar.
Polisin apardığı istintaq materialları ilə müəyyən edilib ki, cinayəti törədən şəxs — 30 yaşlı Giorgi Benidze hadisə baş verən vaxt güclü alkoqolun təsiri altında olub.
O, keçmiş həyat yoldaşını münasibətləri bərpa etmək və barışmaq məqsədilə öz şəxsi yaşayış mənzilinə dəvət edib.
Lakin görüş qısa müddətdən sonra tərəflər arasında şiddətli münaqişəyə çevrilib.
İstintaqın versiyasına görə, gözü dönən Giorgi Benidze əvvəlcə gənc qadına qarşı ağır fiziki zorakılıq tətbiq edib, onu vəhşicəsinə döyüb.
Bu prosesdə cinayətkar evdəki məişət əşyalarını da darmadağın edib. Prokurorluq bəyan edir ki, zorakılıq zamanı cani qadına daha çox xəsarət yetirmək məqsədilə onun başını və bədənini dəfələrlə otaqdakı müxtəlif ağır əşyalara çırpıb.
Fiziki işgəncədən sonra Benidze əlinə keçirdiyi dəftərxana bıçağı ilə keçmiş arvadının bədəninin müxtəlif nahiyələrinə çoxsaylı kəsici zərbələr endirib.
Hüquq-mühafizə orqanları Benidzenin qadını birbaşa öldürmək niyyətində olduğunu təsdiqləyib.
Aldığı dəhşətli xəsarətlərə və bədənindəki çoxsaylı kəsiklərə baxmayaraq, ölümcül vəziyyətdə olan gənc qadın son anda fədakarlıq göstərərək qatilin əlindən qaçmağı bacarıb.
O, binanın 8-ci mərtəbəsindən pilləkənlərlə qan içində aşağı - həyətə enib və orada olan qonşulardan, sakinlərdən imdad diləyib.
Hadisə şahidlərinin sözlərinə görə, qadının bədənindən həddindən artıq güclü qanaxma olub və o, huşunu itirmək dərəcəsinə çatıb. Sakinlər dərhal təcili yardım çağıraraq yaralını xəstəxanaya çatdırıblar.
Cinayəti törədən Giorgi Benidze polis tərəfindən saxlanılıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi davam edir.
Canini 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.