“Gürcü cəmiyyəti ən yaxşı qiyməti verdi – müxalifət tamamilə məhv olub”

Jul 4, 2025 - 13:30
 0  18
“Gürcü cəmiyyəti ən yaxşı qiyməti verdi – müxalifət tamamilə məhv olub”

Hazırda gürcü cəmiyyətinin siyasi proseslərə və siyasi subyektlərə münasibəti açıq görünür və bunun nəticəsi olaraq müxalifət tamamilə məhv olub.

Bu sözləri İrakli Kobaxidze deyib.

O, bu barədə “İmedi” televiziya kanalının efirində, ATƏT-in Parlament Assambleyasında qəbul olunan qətnaməyə dair verilən sualı cavablandırarkən danışıb.

Kobaxidzenin sözlərinə görə, “xarici bürokratların” qiymətləndirmələrindən asılı olmayaraq, əsas məsələ Gürcüstanda gerçək vəziyyətin necə olduğudur və bunu ən yaxşı gürcü cəmiyyəti görür.

“Müxtəlif vaxtlarda debatlar, polemikalar, fərqli, o cümlədən tənqidi rəylər olur. Biz buna alışmışıq. Bizim üçün əsas məsələ odur ki, ölkəmizdə nə baş verir və bunu ən yaxşı görən gürcü cəmiyyətidir. Məhz gürcü cəmiyyətinin reaksiyası bizim üçün birinci dərəcəli əhəmiyyət daşıyır.

Bu gün hər kəs açıq-aydın görür ki, gürcü cəmiyyətinin siyasi proseslərə və siyasi subyektlərə münasibəti necədir. Cəmiyyətin mövqeyinin ifadəsi odur ki, müxalifət tamamilə məhv olub. Müxalifətin özünü məhv etməsinin əsas səbəbi cəmiyyətin ona olan dəstəyini belə itirməsidir. Əsl qiyməti cəmiyyətin özü verir.

Beynəlxalq tərəfdaşlara, xarici siyasətçilərə, bürokratlara gəldikdə, onların müxtəlif qiymətləndirmələri ola bilər. Amma bizim üçün əsas məsələ odur ki, ölkəmizdə hansı reallıq formalaşıb.

Reallıq budur ki, Gürcüstanda artıq formalaşmış demokratik sistem var. Kimlərsə bu demokratik sistemi kobud şəkildə pozmağa çalışırdı, amma dövlət özünü yüksək səviyyədə göstərdi və bütün çağırışlara cavab verdi.

Dörd il ərzində xaricdən idarə olunan dörd inqilab cəhdi oldu. Hər şey xaricdən idarə olunurdu. Amma gürcü cəmiyyəti özünü yüksək səviyyədə göstərdi və ölkəsinin müstəqilliyini, suverenliyini qorudu”, – deyə baş nazir Kobaxidze vurğulayıb.

mənbə: interpress