"Artıq özlərinə dövlət məmuru deyənlər xalqın gənc övladına gəlib şillə vurur"

"Gör necə həddi aşıblar ki, artıq özlərini dövlət məmuru adlandıranlar xalqın gənc övladına “niyə gürcü dilində danışmırsan” deyə şillə vururlar. Bu da azmış kimi, nə polis, nə də digər qurumlar buna əhəmiyyət verirlər. İstədikləri yerdə insanları döyür, sonra isə üstünü ört-basdır edirlər."
Bu barədə siyasətçi Ceyhun Məhəmmədəli (Narzalov) şəxsi “Facebook” səhifəsində Marneulidə gənc bir vətəndaşa qarşı baş verən insidentlə bağlı sərt açıqlama verərkən vurğulayıb.
Məhəmmədəli qeyd edib ki, artıq özlərini dövlət məmuru adlandıran şəxslər gənclərə “niyə gürcü dilində danışmırsan” deyə şillə vuracaq qədər həddi aşıblar. Onun sözlərinə görə, nə polis, nə də digər hüquq-mühafizə orqanları məsələni diqqətə almır, əksinə, insidentləri ört-basdır edirlər:
“Polis də onlara xidmət edir, buna görə də istədikləri yerdə insanları döyür, sonra isə üstünü örtürlər. Daha acınacaqlısı isə odur ki, bu halları görən bəzi şəxslər yenə də həmin qüvvələr üçün qapı-qapı düşüb səs yığırlar”, – deyə siyasətçi vurğulayıb.
O əlavə edib ki, belə hallarda xalqın ağsaqqalları hüquqları qorumaq və haqqı tələb etmək üçün mövqe ortaya qoymadıqda, cəmiyyət bu vəziyyətə düşür. Onun fikrincə, insanlara hansı dildə danışmağın diktə olunması yolverilməzdir:
“Bu ölkədə heç kimin haqqı yoxdur ki, vətəndaşa hansı dildə danışmalı olduğunu göstəriş versin. Dövlətin vəzifəsi vətəndaşların təhsilinə və dil öyrənməsinə dəstək olmaqdır, millətçilik edib insanlara zorla başqa dildə danışmağı öyrətmək yox”, – deyə Məhəmmədəli qeyd edib.
Siyasətçi hakim partiyanın “ölkədə sülh” şüarını da tənqid edərək bunun reallığa zidd olduğunu bildirib.
Xatırladaq ki, Marneulidə bələdiyyə sədrinin müavini Riçard Giganinin oğlunun şirniyyat evində işləyən 17 yaşlı yeniyetməni Azərbaycan dilində danışdığına görə şillə vurub. O, gəncə “tatarca danışmağı dayandırın” ifadəsi işlədib.
mənbə: Intrepress.ge