ABŞ Gürcüstana yeni sanksiyalar tətbiq edə bilər
ABŞ Gürcüstanda Avropaya inteqrasiyanın dondurulması qərarına qarşı keçirilən etiraz aksiyalarına görə bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.
Bu barədə ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken açıqlama verib.
Blinkenin sözlərinə görə, Vaşinqton artıq əlavə sanksiyaların tətbiqi üçün hazırlıq prosesinə başlayıb: “Birləşmiş Ştatlar ikitərəfli əməkdaşlığın yenidən nəzərdən keçirilməsi ilə yanaşı, əlavə sanksiyaların tətbiqi də daxil olmaqla, əlimizdə olan bütün vasitələrdən istifadə etməyə hazırdır.”
Gürcüstan hökumətinin 2028-ci ilin sonuna qədər Avropa İttifaqı (Aİ) ilə danışıqlara başlamamaq və bu müddət ərzində Aİ-dən büdcə qrantı almamaq qərarı ölkədə geniş etirazlara səbəb olub.
Noyabrın 28-dən etibarən Tbilisi və digər regionlarda keçirilən etiraz aksiyaları əvvəlcə dinc xarakter daşısa da, daha sonra zorakılıq halları baş verib. Aksiya iştirakçıları polisə fişəng, “Molotov kokteyli” və daşlarla hücum ediblər.
Bildirilib ki, Tbilisidəki etiraz aksiyalarında saxlanılanların 30 faizini xarici vətəndaşlar təşkil edir.
mənbə: trend