Ər-arvadı ayırmaq istəyən qonşu qadın həyəcandan öldü
Yerli "Mtavari Ambebi Kaxetidan" nəşrinin yaydığı məlumata görə, bədbəxt hadisə ötən gün Siqnaxi bələdiyyəsinin Tsnori şəhərində qeydə alınıb.
XEBER.GE xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, ailə münaqişəsi zamanı kişi həyat yoldaşına qarşı fiziki zorakılıq tətbiq edib. Bu zaman şiddətə məruz qalan qadın qonşulardan kömək istəyib. Səs-küyə gələn və davanı aralamağa çalışan qonşu qadının qəfildən halı pisləşib və o, hadisə yerindəcə vəfat edib.
Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, dünyasını dəyişən qadının bədəni üzərində heç bir fiziki xəsarət izi aşkarlanmayıb. İlkin ehtimala görə, o, keçirdiyi güclü həyəcan və əsəb sarsıntısı nəticəsində dünyasını dəyişib.
Faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən Gürcüstan Cinayət Məcəlləsinin 126¹-ci (ailədaxili zorakılıq) maddəsi ilə araşdırma başlanılıb. Həyat yoldaşına şiddət göstərən kişi polis tərəfindən saxlanılıb