Yanacaq artımı və aşağı tariflər taksi sürücülərini küçələrə çıxardı

May 1, 2026 - 14:23
 0  18
Yanacaq artımı və aşağı tariflər taksi sürücülərini küçələrə çıxardı

Gürcüstanın ən böyük şəhərləri olan Tbilisi, Batumi və Kutaisidə taksi sürücüləri kütləvi etiraz aksiyasına başlayıb.

 Paytaxt və regionlarda fəaliyyət göstərən sürücülər iş şəraitinin yaxşılaşdırılmasını və xidmət tariflərinə yenidən baxılmasını tələb edirlər.

 Xeber.ge xəbər verir ki, sürücülərin küçələrə çıxmasına səbəb işəgötürən şirkətlərin tariflərin dəyişdirilməsi tələbini rədd etməsi olub.

  Aksiya iştirakçıları mövcud iş mexanizminin onları müflis etdiyini bildirirlər:

  • Sürücülər hər sifarişdən şirkətlərə ödənilən faizlərin həddindən artıq yüksək olduğunu vurğulayırlar.
  • Xidmət qiymətlərinin aşağı olması sürücülərin qazancını minimuma endirib.
  • Artan yanacaq xərcləri fonunda tariflərin sabit qalması sürücülər üçün əlavə maliyyə yükü yaradıb.
  • Sürücülər şirkətlər tərəfindən tətbiqin (proqramın) heç bir izahat verilmədən bloklanmasından şikayətçidirlər.

  Etirazçılar "Yandex", "Maxim" və "Bolt" kimi iri operatorların nümayəndələrini dialoqa çağırıblar.

"Biz tələb edirik ki, hər bir şirkətin nümayəndəsi bizimlə bir masaya əyləşsin. Bizim tərəfimizdən də işçi qrupu yaradılacaq. Problemlərimizi deyəcəyik və ortaq məxrəcə gəlməyə çalışacağıq. Bu gün bir başlanğıcdır və nəticə əldə olunana qədər dayanmaq niyyətimiz yoxdur", – deyə aksiya iştirakçısı olan sürücülərdən biri bildirib.

Sürücülər qeyd edirlər ki, yanacaq qiymətlərinin kəskin artması fonunda qazanc əldə edə bilmirlər və tələbləri yerinə yetirilməyənə qədər xidmət göstərməkdən imtina edəcəklər.