Xaricdəki 'avtoritet'in adından hədə-qorxu gələn dəstə ifşa olunub

Feb 15, 2026 - 13:04
 0  12
Xaricdəki 'avtoritet'in adından hədə-qorxu gələn dəstə ifşa olunub

Gürcüstanın hüquq-mühafizə orqanları külli miqdarda əmlak əldə etmək məqsədilə qrup halında hədə-qorxu ilə tələb etmə (reket) ittihamı ilə dörd nəfəri saxlayıb. Bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.

Xeber.ge xeber  verir ki, təqsirləndirilən şəxslər Laqodexi bələdiyyəsinin Kabali kəndində kiçik sahibkarlıqla məşğul olan şəxsə qarşı cinayət törədiblər. İstintaq müəyyən edib ki, dəstə üzvləri xaricdə yaşayan "kriminal avtoritet"in adından istifadə edərək iş adamı ilə əlaqə saxlayıb, onu öldürməklə hədələyərək 10 000 ABŞ dolları məbləğində pul tələb ediblər.

Həyata keçirilmiş kompleks operativ-axtarış və istintaq tədbirləri nəticəsində hər dörd şəxs şübhəli şəxs qismində saxlanılıb. Əməliyyat zamanı hədə-qorxu yolu ilə alınan pul vəsaiti və mobil telefonlar maddi sübut kimi müsadirə edilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 181-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə istintaq aparılır. Saxlanılan şəxsləri 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.