Vətəndaş Marneuli polisinin yüksək vəzifəli əməkdaşının onu döydüyünü deyir
Marneuli sakini Namiq Bayramov iddia edir ki, 27 may tarixində polis şöbəsində ona qarşı fiziki zorakılıq tətbiq olunub. Onun sözlərinə görə, zorakılıqda Marneuli rayon Polis İdarəsi rəisinin müavini Samir İsmayılov iştirak edib.
“TV Pirveli”nin məlumatına görə, insident Marneulinin mərkəzi meydanında, “SOCAR” yanacaqdoldurma məntəqəsinin yaxınlığında başlayıb. Bayramovun dediyinə görə, Samir İsmayılov ona əl vermək üçün yaxınlaşıb, lakin Bayramov bu jesti rədd edib. Bu isə polis əməkdaşının xoşuna gəlməyib.
Bayramov bildirir ki, bundan sonra İsmayılov əraziyə bir neçə əməkdaş çağırıb və onu zor tətbiq etməklə polis şöbəsinə aparıblar. Şöbə hadisə yerindən piyada təxminən iki dəqiqəlik məsafədə yerləşir.
Bayramovun sözlərinə görə, zorakılıq birbaşa İsmayılovun kabinetində baş verib. O deyir ki, polis əməkdaşları ona həm fiziki, həm də şifahi şəkildə təzyiq göstəriblər.
Mediada yayılan məlumata əsasən, Bayramov döyülmə nəticəsində aldığı xəsarətlərlə bağlı olaraq “Aversi” klinikasına müraciət edib. Onun sözlərinə görə, polis əməkdaşları ona bədənində izlər qalmasın deyə su ilə dolu plastik butulka ilə vurublar.
Zərərçəkmiş statusunun tanınması üçün Namiq Bayramov artıq Baş Müfəttişliyə rəsmi şəkildə müraciət edib. “TV Pirveli”nin jurnalisti Daxili İşlər Nazirliyinin əməkdaşı Samir İsmayılovla əlaqə saxlamağa nail ola bilməyib – ona İsmayılovun hazırda iş yerində olmadığını bildiriblər.
Hadisə ilə bağlı rəsmi qurumlar hələ ki heç bir açıqlama yaymayıblar.
mənbə: marneulifm