Tsotne Qamsaxurdiyanın həyat yoldaşını təqib edən şəxs yenidən həbs olundu
Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın oğlu Tsotne Qamsaxurdiyanın həyat yoldaşı Ana Cabauriyə qarşı qanunsuz təqib və psixoloji təzyiq göstərən şəxs hüquq-mühafizə orqanları tərəfindən yenidən saxlanılıb.
Xeber.ge xeber verir ki, saxlanılan şəxs 56 yaşlı David Eradzedir.
Ana Cabauri telekanala açıqlamasında faktı rəsman təsdiqləyib. Məhkəmənin qərarı ilə D. Eradze barəsində artıq istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilib.
İstintaq materialları ilə müəyyən edilib ki, David Eradze eyni cinayətə -Ana Cabaurini qanunsuz təqib etdiyinə görə əvvəllər də həbsdə olub.
O, cəzasını başa vuraraq bu ilin yanvar ayında penitensiar müəssisəni tərk edib.
Lakin azadlığa çıxdıqdan dərhal sonra o, yenidən zərərçəkmiş qadını narahat və təqib etməyə, ona qarşı qanunsuz hərəkətlərini davam etdirməyə başlayıb.
Məlumata görə, 56 yaşlı David Eradze ümumilikdə fərqli cinayət xarakterli əməllərə görə əvvəllər 5 dəfə məhkumluq həyatı yaşayıb.
Eradzenin sosial şəbəkələrdəki şəxsi hesablarında paylaşdığı materiallar və postlar araşdırılarkən onun birinci prezidentin dul xanımı, Manana Arçvadze-Qamsaxurdiyanın radikal və aktiv tərəfdarlarından biri olduğu müəyyən edilib.
Törətdiyi əməlin cinayət residivi (eyni cinayətin təkrarən törədilməsi) olduğunu nəzərə alaraq, bu dəfə David Eradzeni Gürcüstan qanunvericiliyinə əsasən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Faktla bağlı başladılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.