Telavida mənzilə silahlı basqın edən ana və oğlu saxlanılıb

Apr 1, 2026 - 10:13
 0  16
Telavida mənzilə silahlı basqın edən ana və oğlu saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti Polisi Departamentinin Telavi rayon idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qrup halında quldurluq törətməkdə ittiham olunan 3 nəfər saxlanılıb.

Xeber.ge xəbər verir ki, saxlanılanlar 1982-ci il təvəllüdlü E.D. və ana-oğul olan şəxslərdir: 2008-ci il təvəllüdlü T.İ. və əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü S.İ.

İstintaqla müəyyən edilib ki, maskalı şəxslər cari ilin martın 29-da gecə saatlarında Telavi bələdiyyəsinin Qaracala kəndində yaşayan 1955-ci il təvəllüdlü L.Q.-nın yaşayış evinə basqın ediblər. Təqsirləndirilən şəxslər ev sahibinə qarşı fiziki zorakılıq tətbiq edərək 8 200 lari məbləğində nağd pulu, bank kartlarını və mobil telefonu qəsb edərək hadisə yerindən qaçıblar.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində cinayətdə iştirak edən hər üç şəxs saxlanılıb. Axtarış zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaiti və digər əşyalar maddi sübut kimi müsadirə olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsi (Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənzilə qanunsuz daxil olmaqla törədilən quldurluq) ilə istintaq aparılır. Təqsirləndirilən şəxsləri 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.