Tbilisidə tramvay xəttinin inşası üçün tenderin ilk mərhələsi başa çatdı
Tramvay xəttinin layihələndirilməsi və tikintisi məqsədilə elan olunmuş tenderdə qəbul edilən təkliflərin qiymətləndirilməsinin birinci mərhələsi yekunlaşıb.
Xeber.ge xəbər verir ki, paytaxt meri Kaxa Kaladzenin Tbilisi bələdiyyə hökumətinin iclasında qeyd etdiyi kimi, hazırda iddiaçı şirkətlərlə detalların dəqiqləşdirilməsi prosesi gedir və bundan sonra qalib şirkət müəyyən olunacaq.
"Didi Diqomi yaşayış massivini və "Didube" metro stansiyasını birləşdirəcək tramvay xəttinin layihələndirilməsi və inşası üçün elan olunmuş tender bu ilin martın 31-də açılıb. Tender Asiya İnkişaf Bankının satınalma qaydalarına uyğun olaraq keçirilir. Sözügedən tenderdə iştirak etmək istəyini dörd iri şirkət və bir birgə müəssisə ifadə edərək müvafiq tender təkliflərini təqdim edib. Bu günə olan məlumata görə, təkliflərin qiymətləndirilməsinin ilk mərhələsi başa çatıb və iddiaçılarla detalların dəqiqləşdirilməsi aparılır.
Dəqiqləşdirilmiş məlumatlar təqdim edildikdən sonra qalib şirkət elan olunacaq, iyunun sonuna qədər onunla müqavilə imzalanacaq və layihənin icrasına dərhal başlanılacaq", – deyə Kaxa Kaladze bildirib.
Tikintinin əsas parametrlərinə gəlincə, Tbilisi merinin sözlərinə görə, tramvay xətti Didi Diqominin 3-cü və 4-cü mikrorayonlarının kəsişməsinin yaxınlığından başlayacaq,
David Aqmaşenebeli xiyabanı və Diqomi massivindən keçərək "Didube" metro stansiyasının ətraf ərazisinə bağlanacaq.
"Tramvay xəttinin təxmini uzunluğu 7,5 km olacaq və burada 11 dayanacaq yerləşdiriləcək. Layihəyə həmçinin 11 tramvay qatarının xidmət və istismarı üçün nəzərdə tutulmuş müvafiq deponun qurulması da daxildir. Ehtimal olunan dəyəri 417 milyon lari təşkil edən bu layihə tamamilə dövlət büdcəsindən maliyyələşdiriləcək.
Bildiyiniz kimi, bu layihə tarixi əhəmiyyət kəsb edir, çünki bu nəqliyyat növü illər sonra yenidən paytaxta qayıdır. Bununla yanaşı, onun fəaliyyətə başlaması və vahid nəqliyyat şəbəkəsinə inteqrasiyası Didi Diqomi sakinlərinin digər ictimai nəqliyyat növlərinə əlçatanlığını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, həm gözləmə, həm də gediş vaxtını xeyli azaldacaq.
Çox ümid edirəm ki, bu, ilk və son tramvay layihəsi olmayacaq", – deyə Kaxa Kaladze qeyd edib