Tbilisidə xərçəng xəstəsi olan qadınların müalicəsi 100% pulsuz olacaq
"Süd vəzinin xərçənginin müalicəsi üçün dərman preparatlarının maliyyələşdirilməsi" proqramı çərçivəsində 1 134 vətəndaş üçün 6 700-ə yaxın tibbi hal maliyyələşdirilib.
Xeber.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze bələdiyyə hökumətinin bugünkü iclasında məlumat verib.
Merin sözlərinə görə, bir pasiyentin tam müalicə kursunun həyata keçirilməsi üçün bələdiyyə minimum 24 750, maksimum isə 70 110 lari vəsait ayırır.
"Tbilisi Meriyası onkoloji diaqnozu olan vətəndaşlara müxtəlif proqramlarla dəstək göstərir ki, bunlardan ən mühümlərindən biri süd vəzinin xərçəngi dərmanlarının maliyyələşdirilməsi proqramıdır. Statistika göstərdi ki, proqramın effektivliyi kifayət qədər yüksəkdir.
Belə ki, erkən mərhələdə olan benefisiarların 97 faizi tam sağalıb. Səhiyyə və Sosial Xidmətlər Şəhər Xidmətinin bu proqramı HER-2 müsbət, yerli yayılmış (I-III mərhələ) və metastaz vermiş süd vəzinin xərçəngi diaqnozu olan vətəndaşların ömrünün uzadılmasına və tam sağalmasına xidmət edir.
Bu xəstəliklə mübarizədə ən vacib məqam vaxtında aşkarlanmadır, çünki insanın həyatı və sağlamlığı çox vaxt məhz vaxtında qoyulan diaqnozdan asılı olur.
Sağlamlıq ən böyük dəyərdir və bizim borcumuzdur ki, insanların vaxtında diaqnostika və müalicə imkanları olsun", – deyə Kaxa Kaladze bildirib.
Tbilisi merinin sözlərinə görə, proqram çərçivəsində baha qiymətli dərmanlar bütün benefisiarlar üçün tam olaraq – 100 faiz dövlət tərəfindən qarşılanır.
"Müvafiq xidmətdən yararlanmaq üçün Gürcüstan vətəndaşı son iki il ərzində fasiləsiz olaraq və eyni zamanda proqrama qoşulduğu an üçün Tbilisi bələdiyyəsində qeydiyyatda olmalıdır. Vətəndaş proqrama daxil olmaq üçün ərizə və müvafiq sənədlərlə paytaxt meriyasına müraciət edir, bunun əsasında dərmanı aptekdən pulsuz almaq üçün zəmanət məktubu verilir", – deyə mer qeyd edib.
Kaxa Kaladze əlavə edib ki, paytaxt hökuməti illərdir insan həyatı və sağlamlığının qorunmasına xidmət edən bu cür analoji bir çox proqramlar həyata keçirir:
"Vətəndaşlarımızın ömrünü uzatmaq və sağlamlıq vəziyyətini yaxşılaşdırmaq məqsədilə çox sayda proqram və layihə icra edirik.
Çünki hesab edirik ki, hər bir cəmiyyətin ən güclü dayağı insandır və o, hər şeydən çox qiymətləndirilməli, lazımi dərmanlarla təmin olunmalı, müxtəlif istiqamətlərdə dəstək görməli və yaşamaq sevincini hiss etməlidir. Bütün dünyada hər il xərçəng xəstələrinin sayı artır.
Təəssüf ki, Gürcüstan da bu baxımdan istisna deyil. Məhz buna görə də biz onkopasiyentlərin maliyyələşdirilməsini, onlara qayğı və yardımı paytaxt büdcəsində maksimum məbləğlərlə əks etdirməyi özümüzə borc bilirik.
Çox vaxt vaxtında aparılan müayinə və düzgün müalicə həyat xilas etmək deməkdir. Bu proqramın arxasında quru statistika deyil, real insanlar, ailələr və onların həyatı dayanır. Bizim üçün mühümdür ki, maliyyə çətinlikləri səbəbindən heç bir qadın zəruri müalicədən məhrum qalmasın".