Tbilisidə külli miqdarda narkotik satan Rusiya vətəndaşı saxlanılıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Qldani-Nadzaladevi Baş İdarəsinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına şərait yaratma (yardım etmə) ittihamı ilə Rusiya Federasiyası vətəndaşını saxlayıblar.
Xeber.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayıb.
Qurumun məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisidə saxlanılan şəxsin üzərindən, onun müvəqqəti yaşadığı mənzildən və müxtəlif yerlərdən maddi sübut kimi xüsusilə külli miqdarda narkotik vasitə, o cümlədən "kokain" və "metadon" aşkar edərək götürüblər.
Polis tərəfindən, həmçinin narkotik vasitələrin qablaşdırılması üçün lazım olan materiallar və pul da müsadirə olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin 260-cı və 260-cı kvarta (narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı) maddələri ilə istintaq aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.