Tbilisidə narkotik satışında ittiham olunan 3 əcnəbi saxlanılıb

Gürcüstan Prokurorluğu narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və satışı faktlarına görə üç xarici ölkə vətəndaşına ittiham irəli sürüb.
Bu barədə prokurorluq məlumat yayıb.
Qurumun yaydığı məlumatda bildirilir ki, Daxili İşlər Nazirliyinin bir neçə cinayət işi üzrə apardığı istintaq nəticəsində həmin şəxslərin Tbilisidə narkotik vasitələrin satışında iştirak etdiyi müəyyən edilib.
Bir neçə mərhələdə həyata keçirilmiş nəzarətli alış əməliyyatı nəticəsində qanunsuz şəkildə saxlanılan və satılan MDMA (ekstazi), ekstazi həbləri və marixuana maddələri müsadirə olunub.
Saxlanılan şəxslərə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 1-ci, 4-cü, 6-cı və 7-ci hissələri, həmçinin 273-cü prima maddəsinin 2-ci, 3-cü, 8-ci və 9-cu hissələri üzrə ittiham irəli sürülüb. Bu maddələr 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Prokurorluq məhkəməyə saxlanılanlar barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət təqdim edib. Cinayət işi üzrə istintaq davam edir.
Prokurorluq vurğulayıb ki, Gürcüstan narkotiklərin satışına qarşı sərt cinayət-hüquqi siyasət yürüdür və bu istiqamətdə tədbirlər gələcəkdə də davam etdiriləcək.
mənbə: Interpress