Tbilisidə Mixail Saakaşvilinin növbəti məhkəmə prosesi keçirilir
Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili və digər sabiq yüksək vəzifəli şəxslərə qarşı "7 noyabr hadisələri" ilə bağlı növbəti məhkəmə iclası başlayıb.
Xeber.ge xəbər verir ki, Mixail Saakaşvili məhkəmə zalında şəxsən iştirak edir.
Bugünkü iclasda dövlət ittihamı tərəfindən təqdim olunan maddi sübutların araşdırılması nəzərdə tutulub. Məhkəmə qarşısında təkcə eks-prezident deyil, həm də onun hakimiyyəti dövründə rəhbər vəzifələrdə çalışmış bir neçə sabiq məmur cavab verir.
Xatırladaq ki, prokurorluq Mixail Saakaşviliyə qarşı aşağıdakı maddələr üzrə ittiham irəli sürüb:
· 2007-ci il noyabrın 7-də etirazçıların kütləvi şəkildə dağıdılması;
· "İmedi" teleşirkətinə qanunsuz müdaxilə və basqın;
· Mərhum iş adamı Badri Patarkaçişviliyə məxsus əmlakın cinayət yolu ilə ələ keçirilməsi.
Məhkəmə prosesi hazırda davam edir. Təqsirləndirilən şəxslər irəli sürülən ittihamları siyasi motivli hesab edərək rədd edirlər.