Gürcüstanda hərbi xidmətə çağırış qaydaları sərtləşdirilir
Gürcüstanda hərbi xidmətə çağırış sistemi ilə bağlı qanunvericiliyə mühüm dəyişikliklər edilir. Müdafiə Nazirliyi tərəfindən hazırlanan yeni qanun layihəsi bu gün, aprelin 6-da parlamentin Müdafiə komitəsində birinci oxunuşda müzakirəyə çıxarılıb.
Xeber.ge xəbər verir ki,
Yeni qaydaların əsas məqamları:
- Müvəqqəti olaraq ölkə xaricində olan çağırışçılar hərbi xidmətə çağırış bildirişi aldıqdan dərhal sonra Gürcüstana qayıtmağa və çağırış komissiyasına təqdim olunmağa borcludurlar.
- Çağırış vərəqəsi müvafiq dövlət qurumunun rəsmi internet saytında dərc edildiyi andan rəsmən çatdırılmış sayılacaq. Bildiriş saytda dərc edildikdən 7 gün sonra qüvvəyə minmiş hesab olunur.
- Vətəndaş bildiriş rəsmiləşdikdən sonra 10 təqvim günü ərzində hərbi qeydiyyat və ya çağırış orqanına gəlməlidir.
- Qanun layihəsi ilə həmçinin çağırış vərəqəsinin təhvil verilə biləcəyi ailə üzvlərinin dairəsi də müəyyən ediləcək.
"Gürcüstan vətəndaşlarının ölkədən çıxışı və ölkəyə girişi qaydaları haqqında" qanuna edilən düzəlişə əsasən, "müvafiq bildiriş alan kimi" ifadəsi "müvafiq bildiriş/çağırış vərəqəsi təhvil verilən kimi" ifadəsi ilə əvəz olunur. Məhz bu hüquqi norma xaricdə olan çağırışçıların ölkəyə qayıtmaq öhdəliyini qətiləşdirir.
Müdafiə Nazirliyinin izahat vərəqəsində qeyd olunur ki, artıq çağırış vərəqəsini şəxsən qəbul etməmək çağırışçını məsuliyyətdən azad etməyəcək.