Tbilisidə "Trump Tower" və "Downtown Tbilisi" layihəsinin təqdimatı keçirilib
Tbilisidə "Trump Tower Tbilisi" layihəsinin təqdimatı baş tutub.
XEBER.GE xeber verir ki, Baş nazir İrakli Kobaxidze təqdimatda çıxış edərək bildirib ki, "Downtown Tbilisi" və "Trump Tower Tbilisi" layihəsi yalnız şəhərsalma çərçivəsindən kənara çıxır: "Bu, şəhərin mərkəzində 2 milyard dollarlıq investisiya, 600 min kvadratmetrlik müasir məkandır ki, ölkə üçün yeni reallıq, müstəsna iqtisadi və turistik cazibə mərkəzi yaradacaq".
"Bu layihə ölkəmizdə minlərlə iş yeri, gürcü tikinti sektoru üçün çoxillik sifarişlər deməkdir və buna görə də ölkəmizin iqtisadiyyatı üçün böyük stimuldur. 2031-ci ildə "Trump Tower" tikilib başa çatanda və 2033-cü ildə bütün məhəllə tamamlananda, Tbilisi yenilənmiş mərkəzi parkla harmonik şəkildə birləşəcək tamamilə fərqli bir məkan əldə edəcək... Belə miqyaslı layihənin həyata keçirilməsini yəqin ki, hətta 5 il əvvəl də təsəvvür etmək çox çətin olardı, lakin bu illər ərzində ölkəmiz çox sürətli templərlə inkişaf edir. Ölkəmizin bu illər ərzində müstəsna iqtisadi artım tempi var. Yalnız bu 5 ildə Gürcüstanın iqtisadiyyatı dollarla ifadədə 2,5 dəfə artıb. Təbii ki, belə bir tendensiya, belə bir dinamika yeni miqyaslı layihələrin həyata keçirilməsi imkanını yaradır", – deyə Kobaxidze layihənin təqdimatında qeyd edib.
İqtisadiyyat naziri Mariam Kvrivişvili qeyd edib ki, "layihə elə bu gündən etibarən yeni iş yerləri yaradacaq, bilik və təcrübə mübadiləsinə, müasir beynəlxalq standartların tətbiqinə töhfə verəcək və gürcüstanlı və beynəlxalq şirkətlər arasındakı əməkdaşlığı yeni səviyyəyə qaldıracaq".