Tbilisidə Rusiya vətəndaşlarını girov götürən cinayətkar dəstə ifşa olunub
Gürcüstan Daxili İşlər Nazirliyi paytaxt Tbilisidə baş vermiş ağır cinayət hadisəsi ilə bağlı daha bir nəfərin saxlanıldığını açıqlayıb. Quldurluq, girov götürmə və kompüter sisteminə qanunsuz daxil olmaqda ittiham edilən 1993-cü il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş Ş.Q. Qori bələdiyyəsində yaxalanıb.
Xeber.ge xəbər verir ki,
Dəstənin digər 7 üzvü hələ aprelin 3-də tutulmuşdu.
İstintaqla müəyyən edilib ki, cinayətkar qrup cari ilin mart ayında Rusiya Federasiyası vətəndaşlarının yaşadığı mənzilə "qaz sızmasını yoxlamaq" bəhanəsi ilə qanunsuz daxil olublar.
Cinayətkarlar soyuq silah tətbiq edərək və öldürməklə hədələyərək mənzildəki şəxslərin azadlığını məhdudlaşdırıblar.
Zərərçəkənlərdən 2 000 ABŞ dolları nağd pul, mobil telefonlar və noutbuk qəsb edilib.
Mənzildəkilərə fiziki zorakılıq tətbiq edən dəstə üzvləri onlardan əlavə 300 000 dollar tələb ediblər.
Bir neçə saat davam edən girovluqdan sonra zərərçəkənləri zorla avtomobillərə mindirərək Marneuli bələdiyyəsi istiqamətinə aparıblar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 144-cü (Girov götürmə), 179-cu (Quldurluq) və 286-cı (Kompüter sisteminə qanunsuz müdaxilə) maddələri ilə cinayət işi davam etdirilir.
Bu ağır cinayətləri törətməkdə təqsirləndirilən şəxsləri 14 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Polis hadisədə əli olan digər şəxslərin müəyyən edilməsi istiqamətində intensiv əməliyyat tədbirlərini davam etdirir.