Tbilisidə qrup şəklində xəsarət yetirən 5 nəfər saxlanılıb

Apr 6, 2026 - 12:00
 0  23
Tbilisidə qrup şəklində xəsarət yetirən 5 nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qrup şəklində sağlamlığa qəsdən yüngül zərər vurmaqda ittiham olunan 5 nəfər saxlanılıb.

Xeber.ge xəbər verir ki, hadisə münaqişə zəminində baş verib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər aralarında yaranmış mübahisə nəticəsində 1997-ci il təvəllüdlü P.N. və 1998-ci il təvəllüdlü N.N.-yə qarşı fiziki güc tətbiq ediblər. Qrup şəklində hücum zamanı bədən xəsarətləri yetirən şəxslər P.N.-yə iti alətlə yaralar vuraraq hadisə yerindən qaçıblar. Yaralı şəxs dərhal xəstəxanaya yerləşdirilib və ona zəruri tibbi yardım göstərilib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi operativ-istintaq tədbirləri nəticəsində cinayətdə iştirak edən hər beş nəfər "isti izlər"lə saxlanılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsi (Qrup şəklində sağlamlığa qəsdən yüngül zərər vurma) ilə istintaq aparılır. Bu maddə üzrə saxlanılan şəxsləri 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.