Tbilisidə avtomobil Kür çayına düşdü
Paytaxt Tbilisidə avtomobilin çaya aşması ilə nəticələnən növbəti ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Xeber.ge xəbər verir ki, idarəetmədən çıxan minik avtomobili Kür çayına aşaraq suya qərq olub.
İctimai Yayımçının Fövqəladə Halların İdarə Edilməsi Xidmətinə istinadən yaydığı rəsmi məlumata görə, hazırda hadisə yerinə dərhal cəlb olunmuş yanğınsöndürən-xilasedicilər və xüsusi xilasetmə briqadaları fəal şəkildə axtarış-xilasetmə işləri həyata keçirirlər.
Rəsmi qurumlar bu mərhələdə avtomobildə neçə nəfərin olduğu və xəsarət alanların vəziyyəti barədə hələlik dəqiq məlumatın olmadığını bildiriblər.
Mövcud ilkin versiyaya görə, hadisə iki və ya daha çox nəqliyyat vasitəsinin toqquşması nəticəsində baş verib və zərbənin gücündən maşınlardan biri maneələri yararaq çaya düşüb.
Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən dərhal araşdırmalara başlanılıb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi (Nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulması) ilə aparılır. Hazırda hadisə yerində kriminalistlər işləyir və qəzanın dəqiq başvermə səbəbləri araşdırılır.