Tbilisidə 12 yaşlı qızın müəmmalı ölümü: Ana Baş nazirə müraciət etdi

Mar 28, 2026 - 23:43
 0  15
Tbilisidə 12 yaşlı qızın müəmmalı ölümü: Ana Baş nazirə müraciət etdi

Gürcüstanın paytaxtında üç il əvvəl müəmmalı şəkildə dünyasını dəyişən 12 yaşlı Ani Yanuşaititenin anası NATO Xutaşvili ölkənin Baş naziri İrakli Kobaxidzeyə müraciət edərək görüş tələb edib.

Xeber.ge xəbər verir ki, kədərli ana hadisənin şəxsi nəzarətə götürülməsini istəyir.

 Nato Xutaşvili "TV Pirveli" telekanalına açıqlamasında bildirib ki, istintaqın irəli sürdüyü "qida qalıqları ilə boğulma" versiyasına qətiyyən inanmır. O, ekspert və müstəntiqləri səhlənkarhqda ittiham edir:

"Görüş tələb edirəm. Övladımın qətli ilə bağlı effektiv istintaq aparılmasını istəyirəm. Bir aydır mühüm şahidin dindirilməsini tələb edirəm, amma müstəntiqin məzuniyyətdə olduğunu bəhanə gətirirlər. Gürcüstanda cinayət kameranın qarşısında baş vermirsə, deməli, araşdırılmır. Bu, peşəkarsızlıq və valideynə qarşı lağlağıdır."

Ananın sözlərinə görə, qızının meyiti tapılan zaman bədənində 39 müxtəlif xəsarət izi olub. O, istintaqın gizlətdiyi faktları belə sıralayıb:

Uşağın əlində hücum edən şəxsə aid saç telləri tapılıb, sırğası isə saçlarının arasından çıxıb.

Qızın ayaq nahiyəsində təpik izləri olub və o, zorla borunun üzərindən keçirilərkən bədəni parçalanıb.

İstintaq əvvəlcə görüntüləri götürməyi "unutduğunu", sonra isə orada heç nə görünmədiyini iddia edib.

Ölüm faktından 18 gün sonra hadisə baş verən ərazidəki kollar kəsilib və yerin mənzərəsi qəsdən dəyişdirilib.

Nato Xutaşvili martın 16-da etdiyi müraciətə hələ də cavab almadığını bildirib. O, Baş nazirə səslənərək cinayətkarın azadlıqda gəzdiyini vurğulayıb:

"Sizdən bir ata kimi xahiş edirəm, bu işi şəxsi nəzarətinizə götürün. 3 ildir yalvarıram ki, övladımın qatilini tapın. 12 yaşlı qızın həyatına son qoyan şəxs azadlıqdadır və hər kəs üçün təhlükəlidir".

12 yaşlı Ani Yanuşaitite 17 mart 2023-cü ildə Tbilisinin Böyük Diğomi rayonunda ölü tapılmışdı. Rəsmi qurumlar hələ də hadisəni bədbəxt hadisə kimi qiymətləndirməyə çalışsa da, ailə bunun planlı qətl olduğunu müdafiə edir.