Tbilisi NATO-nu Gürcüstanla bağlı siyasi iradəsizlikdə günahlandırıb
Gürcüstan NATO-ya üzvlük üçün çox şey edib, lakin bu prosesdə yeganə çatışmayan Alyansa üzv ölkələrin siyasi qərarının olmamasıdır.
Bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “Birinci kanal”a müsahibəsində deyib.
Nazir Gürcüstanın Avroatlantik təhlükəsizliyə əldə etdiyindən daha çox töhfə verdiyini qeyd edib.
“NATO-nun siyasi iradəsinə biz əhəmiyyətli dərəcədə təsir edə bilmərik. Gürcüstan bu illər ərzində bu siyasi iradənin onun tərəfində olması üçün mümkün olan hər şeyi edib. Heç bir ölkə bu qədər çox iş görməyib”, - Boçorişvili əlavə edib.
Qeyd edək ki, 2008-ci ilin Buxarest sammitində NATO üzvlüklə bağlı Ukrayna və Gürcüstana fəaliyyət planını təqdim etməkdən imtina edib. Ukraynada müharibənin başlamasından sonra Gürcüstanın Alyansa üzvlük məsələsi aktiv müzakirə olunmur. NATO Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilədək təxirə salması barədə qərarından sonra Tbilisi ilə fəal siyasi əlaqələr saxlamır.
mənbə: apa