Səudiyyə kralının məktubu Ayətullah Xameneiyə çatdırılıb

Apr 18, 2025 - 14:47
 0  23
Səudiyyə kralının məktubu Ayətullah Xameneiyə çatdırılıb

Xeber.ge xəbər verir ki, Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman, dünən axşam saatlarında Tehranda İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə görüşərək Kral Salman bin Əbdüləziz Əl Səudun xüsusi məktubunu təqdim edib.

Görüş zamanı Ayətullah Xamenei İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin inkişafının hər iki ölkənin xeyrinə olduğunu vurğulayaraq qeyd edib:

“İran və Səudiyyə bir-birini tamamlayan ölkələrdir və onların əməkdaşlığı regionun xeyrinədir. Düşmənlər bu əlaqələrin genişlənməsini istəmir, lakin biz bu qərəzli niyyətlərə qalib gəlməyə hazırıq.”

Ayətullah Xamenei, İranın bəzi sahələrdə əldə etdiyi texnoloji və elmi uğurlar fonunda Səudiyyə Ərəbistanına dəstək verməyə hazır olduğunu da bildirib.

O əlavə edib ki, bölgə ölkələrinin bir-birinə arxa durması və əməkdaşlıq etməsi, xarici qüvvələrə etibar etməkdən qat-qat üstündür.

“İranla əlaqələrin gücləndirilməsi tapşırığı ilə gəlmişəm”

Görüşdə iştirak edən Xalid bin Salman bildirib:

“Tehrana İranla əlaqələri genişləndirmək və bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək məqsədilə gəlmişəm. Ümid edirəm ki, bu konstruktiv danışıqlar iki ölkə arasında əvvəlkindən daha güclü münasibətlərin təməlini qoyacaq.”

Görüşdə həmçinin İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqeri də iştirak edib.

Bu yüksək səviyyəli diplomatik təmaslar, Tehran-Riyad münasibətlərində yeni mərhələnin başlandığını göstərir və bölgədə geosiyasi sabitliyə dair ümidləri artırır.

mənbə: azshafaqna.com