Şərti cəza alan gənclər yenidən cinayət törətdilər

Feb 26, 2026 - 11:40
 0  2
Şərti cəza alan gənclər yenidən cinayət törətdilər

Gürcüstanın Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları paytaxtda zərgərlik mağazalarından birinə basqın edən iki nəfəri yaxalayıblar.

Xeber.ge xəbər verir ki, saxlanılan şəxslər - 2007-ci il təvəllüdlü Q.M. və 2009-cu il təvəllüdlü Q.X. hazırda şərti cəza altında olan şəxslərdir.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər fevralın 20-də Tbilisidə yerləşən zərgərlik mağazasına gizli yolla daxil olaraq oradan külli miqdarda nağd pul, bahalı qızıl zinət əşyaları və 12 ədəd qol saatı oğurlayıblar. Mağazaya dəymiş ümumi ziyanın miqdarı 50 000 lari (təxminən 18 500 ABŞ dolları) təşkil edir.

 Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs şübhəli qismində saxlanılıb. Hazırda cinayətdə iştirakı ehtimal olunan digər şəxslərin müəyyən edilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsi (qrup halında törədilmiş oğurluq) ilə cinayət işi başlanılıb. Bu maddə 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.