Sentyabrın 1-dən Rustavidən Tbilisiyə yeni bələdiyyə avtobusu marşrutu açılır
Rustavi Sakrebulo Tbilisi istiqamətində sentyabrın 1-dən fəaliyyətə başlayacaq yeni bələdiyyə avtobusu marşrutunu təsdiqləyib. Məlumatı Rustavi Sakrebulo yayır.
Sözügedən qərar Şəhər Şurasının avqustun 27-də keçirilən iclasında qəbul olunub.
XEBER.GE xeber verir ki, Rustavi Sakrebulosunun sədri Mamuka Rexviaşvilinin bildirdiyinə görə, bu qərar vətəndaşların ehtiyaclarına uyğunlaşdırılıb və şəhərlərarası gediş-gəliş şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
"Bu yenilik maksimum dərəcədə vətəndaşların ehtiyaclarına uyğunlaşdırılıb və Rustavi ilə Tbilisi arasında gediş-gəliş şəraitini yaxşılaşdırmağı hədəfləyir. Əlavə marşrut sərnişin axınının bölünməsinə kömək edəcək, gözləmə müddətini azaldacaq və vətəndaşlara hər gün işə, universitetlərə və ya digər ehtiyaclara daha sürətli və rahat çatmaq imkanı verəcək", — deyə Mamuka Rexviaşvili bildirib.
25 nömrəli M3 kateqoriyalı bələdiyyə avtobusu Rustavidə Qəhrəmanlar meydanı ətrafından hərəkətə başlayacaq və Kaxeti şosesi vasitəsilə "Outlet Village", İqtisadi Rəsmiləşdirmə Zonası, "East Point" və "Samqori" metro stansiyası istiqamətində hərəkət edəcək.
Vətəndaşlar yeni marşrutla gediş-gəlişdən islahat çərçivəsində qüvvədə olan güzəştli tariflə yararlana biləcəklər.