Rustaveli prospektində gərgin anlar: Vətəndaşla mülki fəallar arasında mübahisə
Gürcüstanın paytaxtı Tbilisidə, Rustaveli prospektində yerləşən 9 Aprel memorialı önündə vətəndaşlar və mülki fəallar arasında gərginlik yaşanıb.
Xeber.ge xəbər verir ki,
Məlumata görə, əraziyə gələn vətəndaşlardan biri memorial önündə toplaşan mülki fəalların və etirazçıların varlığına kəskin etiraz bildirib. Bu zaman tərəflər arasında şifahi qarşıdurma yaranıb. Ərazidə toplaşan fəallar "Rədd olsun Bidzinanın rus rejimi!" şüarları səsləndirərkən, etirazçı vətəndaş onlara "Qullar, qullar!" deyə xitab edib.
Gərginlik mühitində Gürcüstan Parlamenti adından memorialın önünə gül əklili qoyulub. Lakin orada toplanan etirazçılar əklilin üzərindəki "Gürcüstan Parlamentindən" yazılmış lenti qopararaq kənarlaşdırıblar.
Memorialın ətrafında hazırda "vicdan məhbusları"nın anaları və müxtəlif mülki fəallar toplaşmaqda davam edir. Hüquq-mühafizə organlarının əməkdaşları ərazidə təhlükəsizliyi təmin etməyə çalışırlar.
Xatırladaq ki, hər il 9 aprel tarixində Gürcüstanda 1989-cu il hadisələri zamanı həlak olanların xatirəsi dövlət səviyyəsində yad edilir.