Qoridə ana və uşağını vuran sərxoş sürücü həbs edildi

Jul 16, 2026 - 09:58
 0  11
Qoridə ana və uşağını vuran sərxoş sürücü həbs edildi

Qori Rayon Məhkəməsi iyulun 13-də baş vermiş və eyni ailədən iki nəfərin — ana və onun azyaşlı övladının ölümü ilə nəticələnən dəhşətli qəza ilə bağlı qərarını açıqlayıb. Məhkəmənin qərarı ilə hadisəni törədən sürücü barəsində həbs qətimkan tədbiri seçilib.

XEBER.GE Prokurorluğun rəsmi bəyanatına istinadən xəbər verir ki, qəza zamanı sürücünün sərxoş olduğu qəti şəkildə təsdiqlənib:

"İstintaqla müəyyən edilib ki, 13 iyul 2026-cı il tarixində, gecə saatlarında Qori şəhərində sükan arxasında spirtli içkinin təsiri altında (sərxoş) olan təqsirləndirilən şəxs hərəkət təhlükəsizliyi qaydalarını kobud şəkildə pozaraq piyada hərəkət edən ana və uşağı vurub. Hadisə nəticəsində ağır xəsarət alan hər iki piyada aparıldıqları klinikada dünyasını dəyişib", — deyə prokurorluğun açıqlamasında bildirilir.

Dövlət ittihamı orqanının məlumatına görə, saxlanılan sürücüyə qarşı maddə daha da ağırlaşdırılıb. Belə ki, ona Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 9-cu hissəsi ilə rəsmi ittiham irəli sürülüb:

Alkoqolun təsiri altında nəqliyyat vasitəsinin idarə edilməsi və hərəkət təhlükəsizliyi qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda.

Bu ağırlaşdırıcı hal üzrə qanunvericilik 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Məhkəmə prosesi davam edir.