Poniçalada atəş açan şəxs və cinayəti gizlədən dostları saxlanıldı

Jun 2, 2026 - 14:02
 0  22
Poniçalada atəş açan şəxs və cinayəti gizlədən dostları saxlanıldı

Tbilisinin Kvemo Foniçala yaşayış massivində polis idarəsinin yaxınlığında Qelberaşvili qardaşlarına və onların qonağına qarşı törədilən səs-küylü silahlı basqınla bağlı Daxili İşlər Nazirliyi genişmiqyaslı əməliyyat keçirib.

Xeber.ge xəbər verir ki, isti izlərlə aparılan axtarışlar nəticəsində hadisə ilə əlaqəli olan 3 nəfər saxlanılaraq istintaqa cəlb edilib.

 DİN-in yaydığı rəsmi bəyanatda bildirilir ki, aparılan operativ-istintaq tədbirləri ilə cinayətin pərdəarxası tamamilə açılıb. Müəyyən edilib ki, saxlanılan əsas şübhəli şəxs qurbanları ilə keçmişdə mövcud olmuş münaqişə zəminində qisas almaq qərarına gəlib.

O, odlu silahdan istifadə edərək Qelberaşvili qardaşlarına və onların dostuna bədənin müxtəlif nahiyələrindən ağır xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Yaralıların klinikada müalicəsi davam edir.

İstintaq zamanı o da məlum olub ki, qanlı atışma baş verən an əsas caninin yanında onun daha iki yaxın dostu olub.

Həmin şəxslər törədilən ağır cinayət hadisəsinə birbaşa şahidlik etsələr də, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyərək, qəsdən xüsusilə ağır cinayəti gizlədiblər. Polis həmin iki nəfəri də müəyyən edərək həbs edib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan 3 şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə rəsmi ittiham irəli sürülüb:

19-109-cu maddə — İki və ya daha çox şəxsə qarşı ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd;

236-cı maddə — Odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi və gəzdirilməsi;

375-ci maddə — Xüsusilə ağır cinayəti gizlətmə.

Qeyd olunan maddələrin sanksiyaları birləşdirildiyi təqdirdə təqsirləndirilən şəxsləri 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Hazırda iş üzrə məhkəməyəqədər istintaq prosedurları davam etdirilir.