Ozurgetidə qanlı hadisənin dəhşətli təfərrüatları

May 8, 2026 - 12:36
 0  9

Gürcüstanın Ozurgeti şəhərindəki "Pirosmani" restoranında baş vermiş silahlı insidentlə bağlı yeni faktlar məlum olub.

Hadisə zamanı ağır yaralanan 28 yaşlı Beka Pataravanın vəziyyəti stabilləşsə də, o, hələ də xəstəxanada həkim nəzarətindədir.

Xeber.ge "Pirvelebi" telekanalına istinadən verdiyi məlumata görə, həkimlər zərərçəkmişin qarın nahiyəsindən soyuq silahla daxilə nüfuz edən yara aldığını bildiriblər.

Hazırda onun həyatı üçün təhlükə yoxdur.

Zərərçəkənin yaxınlarının verdiyi məlumata görə, hadisə Beka Patarava restoranı tərk edib avtomobilinə əyləşmək istəyərkən baş verib:

Restoran sahibi, əvvəllər iki dəfə məhkum olunmuş 23 yaşlı Giorgi Qobronidze və onunla birgə olan naməlum şəxs Pataravaya mətbəx bıçağı ilə hücum ediblər.

İddiaya görə, cinayətkarlar gənci bıçaqlayarkən onun qucağında 8 aylıq körpəsi olub, yanında isə həyat yoldaşı dayanıbmış.

Hadisənin gəncin restorandakı davanı ayırmaq istəməsi səbəbindən baş verdiyi bildirilir.

Polis Giorgi Qobronidzeni qəsdən adam öldürməyə cəhd ittihamı ilə artıq saxlayıb. Onunla birgə hücumda iştirak edən digər şəxs isə hələ də gizlənir və axtarışdadır. Qobronidzenin anası jurnalistlərə açıqlamasında hadisədən gec xəbər tutduğunu və oğlunun əvvəlki cəzasını tam çəkərək həbsdən çıxdığını deyib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə istintaq davam edir. Təqsirləndirilən şəxsləri 15 ilədək həbs cəzası gözləyir.