Ozurgetidə restorandakı bıçaqlanma: Axtarışda olan şəxs Tbilisidə tutuldu
Gürcüstanın Ozurgeti bələdiyyəsində yerləşən "Pirosmani" restoranında baş vermiş silsilə bıçaqlanma hadisəsi ilə bağlı axtarışda olan Tamaz Trapaidze saxlanılıb.
Xeber.ge xəbər verir ki, mayın 7-də qeydə alınan qanlı hadisədə ittiham olunan şəxs paytaxt Tbilisidə ələ keçib.
Gürcüstan Daxili İşlər Nazirliyi Trapaidzenin saxlanılması faktını rəsmən təsdiqləyib. Bildirilib ki, faktla bağlı cinayət işi Cinayət Məcəlləsinin 19-109-cu maddəsi (ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməyə cəhd) ilə aparılır.
Mayın 7-də "Pirosmani" restoranında 28 yaşlı Beka Patarava qarın nahiyəsindən aldığı ağır kəsici-deşici xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisədən qısa müddət sonra polis restoranın sahibi, 23 yaşlı Giorgi Qobronidzeni saxlayıb. Məlumata görə, Qobronidze əvvəllər quldurluq və hədə-qorxu ilə tələb etmə maddələri üzrə iki dəfə məhkum olunub.
Zərərçəkmişin ailə üzvlərinin verdiyi məlumata görə, Beka Patarava restorandan çıxıb avtomobilinə əyləşmək istəyərkən restoran sahibi Giorgi Qobronidze ona yaxınlaşaraq mətbəx bıçağı ilə zərbə endirib.
Daha sonra Qobronidzenin yanında olan və hadisədən sonra qaçıb gizlənən Tamaz Trapaidze də gəncə eyni bıçaqla xəsarət yetirib.
Hadisənin Pataravanın həyat yoldaşının və qucağındakı 8 aylıq körpəsinin gözü qarşısında törədildiyi bildirilir.
Qanlı hesablaşmanın digər iştirakçısı Giorgi Qobronidze barəsində artıq məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Tbilisidə yaxalanan ikinci şübhəli Tamaz Trapaidze barəsində isə yaxın vaxtlarda məhkəmənin qarım-görüm iclasının keçiriləcəyi gözlənilir.