Marneulidə kütləvi zəhərlənmə şübhəsi ilə bağlı rəsmi araşdırma aparılır
Gürcüstanın Milli Qida Agentliyi Marneuli bələdiyyəsində qeydə alınan mümkün qida zəhərlənməsi faktı ilə bağlı genişmiqyaslı araşdırmalara başlayıb.
Xeber.ge xəbər verir ki,agentliyə biri azyaşlı olmaqla, ümumilikdə 6 nəfərin qənnadı məmulatından (tort) zəhərlənməsi barədə rəsmi məlumat daxil olub.
İnformasiya daxil olan kimi agentliyin Kvemo Kartli Departamenti hərəkətə keçib. Müfəttişlər qrupu dövlət nəzarəti çərçivəsində vətəndaşın tortu satın aldığını bildirdiyi obyektdə növbədənkənar yoxlamalara başlayıb.
Milli Qida Agentliyi faktın araşdırılması istiqamətində Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi (NCDC) ilə sıx koordinasiyalı şəkildə fəaliyyət göstərir.
Agentlikdən bildirilib ki, araşdırmaların nəticələri və dəqiqləşdirilmiş məlumatlar barədə ictimaiyyətə əlavə açıqlama veriləcək.