Narkotik cinayətinə görə 6 nəfər saxlanılıb

May 20, 2025 - 14:04
 0  18
Narkotik cinayətinə görə 6 nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Kakheti Polis Şöbəsinin əməkdaşları kompleks operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində altı nəfəri narkotik cinayətində ittiham edərək saxlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

DİN-in məlumatına görə, qrup halında əvvəlcədən razılaşma əsasında xüsusilə böyük miqdarda narkotik vasitə olan “marixuana”nın qanunsuz əldə edilməsi, saxlanılması, satılması, satışına cəhd və satışa hazırlıq ittihamı ilə saxlanılanlar bunlardır: 1976-cı il təvəllüdlü M.A., 2001-ci il təvəllüdlü C.Q., 1990-cı il təvəllüdlü M.J., 2003-cü il təvəllüdlü B.B., 2003-cü il təvəllüdlü R.N. və əvvəllər məhkum olunmuş, 1996-cı il təvəllüdlü Ş.E. Bu cinayətlərə görə 17 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

“Aparılan istintaq və məhkəmə qərarı əsasında həyata keçirilən gizli istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, cinayətkar qrupun üzvləri internet üzərindən fəaliyyət göstərən narkotik mağazası yaradıblar. Onlar “gizli yerləşdirmə” üsulu ilə xüsusilə böyük miqdarda narkotik vasitələri qablaşdıraraq satışa çıxarıblar.

Hüquq-mühafizə orqanlarının keçirdiyi axtarış zamanı saxlanılan şəxslərin üzərində, yaşadıqları evlərdə və onların göstərdiyi yerlərdə satış üçün hazırlanmış narkotik vasitələr maddi sübut kimi götürülüb.

İstintaq zamanı polis həmçinin narkotik vasitələrin qablaşdırılması üçün istifadə olunan materiallar, elektron tərəzilər, mobil telefonlar və ehtimal olunan narkotik satışından əldə olunmuş pul vəsaitini də maddi sübut kimi müsadirə edib.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi, 18-260-cı maddəsi, 19-260-cı maddəsi və 273^1-ci maddələri ilə aparılır”, – deyə rəsmi məlumatda bildirilir.

mənbə: interpress