Müsəlman gənclərin ixtirası – “ExoHeal”

Apr 15, 2026 - 12:13
 0  14
Müsəlman gənclərin ixtirası – “ExoHeal”

 Xeber.ge xəbər verir ki, Zeyn Əhməd Samdani və Fariya Zübeyr Hindistanın Haidarabad şəhərində anadan olublar

Onların hazırladığı “ExoHeal” — əllərin reabilitasiyası üçün modul tipli ekzoskelet qurğusu — neyroplastiklik və Azure texnologiyasından istifadə edərək iflic və insult keçirmiş xəstələrə kömək edir və bu ixtiraı bir sıra mükafatlara layiq görülüb.

Süni intellekt əsasında işləyən robot əlcək maşın öyrənməsi alqoritmlərini birləşdirərək terapiyanı 50% sürətləndirir, həmçinin fərdiləşdirilmiş müalicə planları və xəstələrin prosesə daha çox cəlb olunması üçün oyunlaşdırılmış təcrübə təqdim edir. ExoHeal-in əsas xüsusiyyətlərindən biri uzaqdan monitorinq sistemidir. Qurğu neyroreabilitasiya sahəsində irəliləyiş hesab edilir və daha sürətli, əlçatan bərpa imkanları təqdim edir.

ExoHeal ideyası Zeynə 2015-ci ildə dayısını gördükdə gəlib. Belə ki, onun dayısı insult keçirmiş, nəticədə qismən iflic olmuş və hətta qaşıq belə qaldıra bilmirdi. Onu müşahidə edən Zeyn iflic və insult keçirmiş xəstələr üçün robotlaşdırılmış reabilitasiyanı daha əlçatan etmək qərarına gəlib.

ExoHeal gənc ixtiraçının yaratdığı V-Bionic startapının bir hissəsidir. Zeyn hazırda Almaniyada Constructor Universitetində robototexnika və intellektual sistemlər üzrə təhsil alır. Onun bacısı Fariya Zübeyr isə V-Bionic-də dizayn şöbəsinə rəhbərlik edir.

İnsultdan sağ qalan hər 10 nəfərdən 9-u müəyyən dərəcədə iflicdən əziyyət çəkir. Bir çoxu ətraflarını istifadə etmək qabiliyyətini itirir və hətta sadə işləri belə yerinə yetirə bilmir. Bu xəstələr üçün reabilitasiya cihazları mövcuddur, lakin onlar çox vaxt iri və bahalı olur — qiymətləri 10 000 dollardan artıqdır. Belə avadanlıqlar fizioterapevtlərlə işləməyi tələb edir ki, bu da prosesi çətinləşdirir və xərcləri artırır. Üstəlik, daşına bilmədiyi üçün xəstələr bəzən reabilitasiya seansları üçün uzaq məsafələr qət etməli olurlar.

ExoHeal isə kiçik ölçülü olduğu üçün bu cür çatışmazlıqlar yaşamır. Onun qiyməti təxminən 650 dollardır və testlər əl hərəkətliliyinin bərpasında effektiv olduğunu göstərib. Qurğuya əlavə olunan mobil tətbiq həkimlərə xəstənin inkişafını izləməyə və ona uyğun məşqlər təyin etməyə imkan verir, beləliklə bərpanın effektivliyi artır və müntəzəm olaraq tibb müəssisələrinə getmək ehtiyacı azalır.

Hindistanlı müsəlman ixtiraçıların bu layihəsi dəfələrlə beynəlxalq səviyyələrdə mükafatlandırılıb.

Zeyn Əhməd hələ tələbə olsa da, artıq uzun illərdir robototexnika sahəsində tədqiqat və inkişaf fəaliyyətlərində aktiv iştirak edir və çoxsaylı mükafatlara sahibdir. O deyir: “Bu uğura görə Uca Allaha şükür edirəm və mənə dəstək olan ailə üzvlərimə, dostlarıma, həmçinin kömək göstərən beynəlxalq təşkilatlara minnətdarlığımı sözlə ifadə edə bilmirəm.”

mənbə: azshafaqna.com