“Münasibətlərin yenidən nəzərdən keçirilməsinə hazır olduqları bildirildi” – Kobaxidze

Oct 3, 2025 - 11:50
 0  18
“Münasibətlərin yenidən nəzərdən keçirilməsinə hazır olduqları bildirildi” – Kobaxidze

“Gürcü Arzusu” hökumətinin baş naziri İrakli Kobaxidze, Avropa Siyasi Birliyi (EPC) sammitində iştirak edərək bildirib ki, Danimarkanın paytaxtı Kopenhagendə 30-dan çox liderlə söhbət edib. Onun sözlərinə görə, bu danışıqlar “yaxşı impuls verən” görüşlər olub.

“Kifayət qədər maraqlı səfər idi. Burada bizim ikitərəfli görüşlərimiz oldu: Avropa Şurasının baş katibi ilə, ATƏT-in baş katibi ilə. Həmçinin panel müzakirəsi çərçivəsində çıxışım da oldu. Ən maraqlısı isə o idi ki, 20-dən çox, bəlkə də 30-dan artıq liderlə danışmaq imkanım oldu.


Bütün bu liderlərlə biz milli maraqlarımız haqqında danışdıq və Gürcüstanla Avropa İttifaqı arasında münasibətlərin yenidən nəzərdən keçirilməsinin zəruriliyi və perspektivləri barədə müzakirə apardıq. Maraqlıdır ki, bir çox yüksək vəzifəli lider münasibətlərin yenidən gözdən keçirilməsi və Gürcüstanın Aİ-yə inteqrasiyası ilə bağlı bütün məsələlər üzrə müzakirələrin açılmasına hazır olduqlarını bildirdilər. Bu isə yaxşı impuls verən bir göstəricidir,” – deyə İrakli Kobaxidze bildirib.

2024-cü ilin yazından etibarən, “Gürcü Arzusu” hökuməti “agentlər haqqında qanun” və müstəqil media ilə QHT-lərin fəaliyyətini ciddi şəkildə çətinləşdirən digər qanunları qəbul etdikdən sonra, Aİ ölkələri daim bəyan edirdilər ki, bu qərarlarla Gürcüstan Avropa İttifaqından uzaqlaşıb.

Avropa İttifaqı ilə bağlı Kobaxidzenin son qərarlarından biri isə genişmiqyaslı etirazlara səbəb olub – ötən ilin 28 noyabrında o demişdi ki, növbəti dörd il ərzində Gürcüstanın Aİ-yə üzvlük danışıqlarının açılması məsələsini gündəmə gətirməyəcəklər.

mənbə: marneulifm