"Modellik" tələsi: İntim videolarla şantaj edən şəxs saxlanıldı

Jun 16, 2026 - 23:02
 0  8
"Modellik" tələsi: İntim videolarla şantaj edən şəxs saxlanıldı

 

Gürcüstan Prokurorluğunun məlumatına görə, qurumun əməkdaşları şəxsi həyatın sirrini pozma və seksual xarakterli hərəkətlərə məcbur etmə faktları ilə bağlı bir nəfəri saxlayıblar.

XEBER xəbər verir ki, saxlanılan şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 157¹-ci maddəsinin birinci hissəsi (şəxsi həyatın sirrini qanunsuz əldə etmə və saxlama) və 139-cu maddəsinin birinci hissəsi (seksual xarakterli hərəkətlərə məcbur etmə) ilə ittiham irəli sürüləcək. Bu maddələr 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri olaraq həbs qərarının çıxarılması ilə bağlı məhkəməyə vəsatət verəcək.

"Tbilisi Prokurorluğunun Şəxsi Həyatın Toxunulmazlığına Qarşı Mübarizə İdarəsi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs sosial şəbəkələrdə saxta (feyk) hesablar vasitəsilə iş elanları səhifələrində sistemli şəkildə reklamlar yerləşdirib. O, guya yüksək qonorar qarşılığında çəkilişlərdə iştirak etmək üçün modellər axtardığını bildirib.

Bu üsulla o, qurbanların etibarından sui-istifadə edərək onları aldadıb və intim xarakterli foto-video materiallarını əldə edib. Daha sonra isə həmin rüsvayedici məlumatları və görüntüləri yayacağı hədə-qorxusu ilə zərərçəkmiş şəxsi yeni seksual xarakterli foto və videolar çəkməyə və ona göndərməyə məcbur edib", — deyə rəsmi bəyanatda qeyd olunub.