Milli Ətraf Mühit Agentliyindən təcili xəbərdarlıq: Temperatur -4 dərəcəyədək enəcək
Gürcüstanın Milli Ətraf Mühit Agentliyi yaxın günlərdə ölkə ərazisində hava şəraitinin kəskinləşəcəyi və temperaturun enəcəyi barədə xəbərdarlıq yayıb.
Sinoptiklərin proqnozuna əsasən, 9-10 aprel tarixlərində gecə saatlarında ölkənin dağlıq rayonlarında temperaturun kəskin enməsi gözlənilir. Havanın temperaturunun -2, -4 dərəcəyədək düşəcəyi ehtimal olunur. Bu cür mənfi temperaturun hazırda çiçəkləmə mərhələsində olan meyvə ağaclarına ciddi ziyan vuracağı və məhsuldarlığı aşağı salacağı barədə fermerlərə xəbərdarlıq edilib.
Gözlənilən intensiv yağıntılar fonunda ölkədə bir sıra təhlükəli proseslərin aktivləşməsi mümkündür:
· Çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artması;
· Yüksək dağlıq rayonlarda qar uçqunlarının formalaşması, dağlıq və təpəlik zonalarda isə torpaq sürüşməsi və sel proseslərinin başlaması (Təhlükə səviyyəsi: orta).
Vətəndaşlara və təsərrüfat sahiblərinə ehtiyatlı olmaq, xüsusilə yüksək riskli zonalarda təhlükəsizlik qaydalarına riayət etmək tövsiyə olunur.