Marjanişvilidəki dəhşətli hücumun ŞOK DETALLARI-VİDEO

Jun 7, 2026 - 20:51
 0  26

Tbilisinin mərkəzində, Marjanişvili meydanında patrul polisinə və mülki vətəndaşa qarşı törədilmiş bıçaqlı hücumun yeni təfərrüatları məlum olub.

Xeber.ge "Tv Pirveli" telekanalının yaydığı məlumatlara və Daxili İşlər Nazirliyinin (DİN) rəsmi bəyanatına istinadən hadisənin son detallarını təqdim edir:

Tbilisinin mərkəzində xidməti vəzifəsini yerinə yetirən patrul-inspektorunun üz nahiyəsindən ağır bıçaq xəsarətləri alması ilə bağlı hadisənin bəzi təfərrüatları aydınlaşıb.

Məlumata görə, hadisə şəhərin ən çox müşahidə kameraları olan nöqtələrindən birində - Marjanişvili meydanında baş verib və cinayətkar iki ayrı epizod üzrə hücum törədib.

DİN-in rəsmi versiyasına görə, patrul-inspektoru ərazidə bıçaqla silahlanmış şəxsi fərq edib. Həmin şəxs polisin müdaxiləsindən bir qədər əvvəl küçədə digər bir mülki vətəndaşı bıçaqlayıb.

Asayiş keşikçisi cinayətkarı zərərsizləşdirməyə və saxlamağa çalışarkən, təqsirləndirilən şəxs polisə şiddətli müqavimət göstərib. Hücum edən şəxs soyuq silahla patrul-inspektorunun göz və yanaq nahiyəsinə ağır xəsarətlər yetirib.

Bıçaqlanan patrul-inspektoru dərhal Tbilisidəki Amerika Hospitalına çatdırılıb. Yaralı polisin müalicəsi klinkada davam edir, onun xidmət yoldaşları və həmkarları isə hadisə baş verən andan hospitalın binası qarşısında mütəşəkkil şəkildə növbə çəkirlər.

Hüquq-mühafizə orqanları Marjanişvili küçəsində yerləşən bütün obyektlərin təhlükəsizlik və müşahidə kameralarının arxiv yazılarını artıq müsadirə ediblər.

Mövcud videoarxivdə cinayətkarın həm mülki vətəndaşa, həm də polisə etdiyi hər iki hücum epizodu anbaan əks olunub. Bu görüntülər istintaq üçün ən mühüm maddi sübutlardan biri hesab edilir.

Artıq bir neçə saatdır ki, polis idarəsində intensiv istintaq hərəkətləri həyata keçirilir. Təqib nəticəsində yaxalanan təqsirləndirilən şəxs müstəntiqlərin suallarını cavablandırır.

Faktla bağlı qəsdən adam öldürməyə cəhd və polisə hücum maddələri ilə başladılan cinayət işi üzrə araşdırmalar davam edir.