Rustavidəki qətlin ŞOK PƏRDEARXASI-VİDEO

Jun 7, 2026 - 21:28
 0  83

Rustavidə Azərbaycan vətəndaşının qətlə yetirilməsi və 15 yaşlı məktəblinin həbsi ilə bağlı xüsusi rezonans doğuran cinayət işinin şok təfərrüatları məlum olub.

Xeber.ge yerli hüquq-mühafizə orqanlarından və müdafiə tərəfindən əldə edilən son məlumatlara istinadən dəhşətli hadisənin pərdəarxası məqamlarını təqdim edir:

Kvemo Kartli bölgəsində yetkinlik yaşına çatmayanlara qarşı törədilən silsilə cinsi istismar və pedofiliya zəncirinin üstü qanlı qətl hadisəsi ilə açılıb.

Məlum olub ki, Rustavi şəhərində 15 yaşlı 10-cu sinif şagirdi tərəfindən qətlə yetirilən xarici ölkə vətəndaşı azyaşlıları toruna salmaq üçün xüsusi sxemdən istifadə edirmiş.

İstintaqın ilkin materiallarına və müdafiə tərəfinin iddialarına görə, təxminən 50 yaşlı həmin şəxs yeniyetmələri pul müqabilində müxtəlif işlər təklif etmək bəhanəsi ilə kirayə götürdüyü mənzilə çağırıb .

Məhz uşaqlar mənzilə daxil olduqdan sonra onlara qarşı cinsi zorakılıq əməlləri həyata keçirilib.

Həbs olunan 15 yaşlı məktəblinin vəkili bəyan edib ki, iki gün əvvəl baş vermiş bu qanlı tragediya sırf zəruri müdafiə xarakteri daşıyıb.

Hüquq müdafiəçisinin sözlərinə görə, 10-cu sinif şagirdi öz namusunu və həyatını qorumağa çalışıb, əlbəyaxa dava və fiziki müqavimət zamanı isə potensial təcavüzkar aldığı xəsarətlərdən dünyasını dəyişib.

Vəkil eyni zamanda dəhşətli bir faktı da açıqlayıb. Belə ki, onun müvəkkili olan yeniyetmə oğlan sözügedən şəxsin yeganə qurbanı olmayıb.

Əldə edilən məlumata görə, yaxın günlərdə daha bir neçə yeniyetmə məktəbli polis idarəsinə gedərək rəsmi ifadə verməyi planlaşdırır.

Həmin azyaşlılar da eyni xarici ölkə vətəndaşı tərəfindən oxşar üsulla aldadılaraq kirayə mənzildə cinsi zorakılığa və istismara məruz qaldıqlarını bəyan edəcəklər.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı istintaq hərəkətləri davam etdirilir.

 Polislər və prokurorluq təkcə qətl hadisəsinin başvermə şəraitini deyil, eyni zamanda öldürülən şəxsin yetkinlik yaşına çatmayanlara qarşı törətdiyi iddia edilən silsilə cinsi cinayət epizodlarını da dərindən araşdırırlar.

Digər zərərçəkmiş uşaqların polisə təqdim edəcəyi əlavə ifadələr və maddi sübutlar bu ağır cinayət işinin gedişatını tamamilə dəyişə bilər və istintaqın əsas aparıcı istiqamətinə çevriləcək.