Liderlər saxlanıldı - Daxili İşlər Nazirliyindən açıqlama

Oct 5, 2025 - 12:19
 0  48
Liderlər saxlanıldı - Daxili İşlər Nazirliyindən açıqlama

Gürcüstan Daxili İşlər Nazirliyi “Vahid Milli Hərəkat”ın üzvləri Murtaz Zodelava və İrakli Nadiradzeni, “Rustavelis Gmziris” hərəkatının liderlərindən biri Paata Burçuladzeni, “Strategiya Aghmaşenebeli” partiyasının baş katibi Paata Mandjğaladzeni və polkovnik Laşa Beridzeni saxlayıb.

Məlumatı Daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidze keçirdiyi brifinqdə təsdiqləyib.

Onun sözlərinə görə, saxlanılan şəxslərə Gürcüstanın konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırış, eləcə də qrup halında zorakılığın təşkili, rəhbərliyi və iştirakına görə ittiham irəli sürülüb. Bu cinayətlərə görə 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Daraxvelidzenin sözlərinə görə, “hüquq-mühafizə orqanlarının əldə etdiyi sübutlar və mediada yayımlanmış videomaterialların təhlili nəticəsində müəyyən edilib ki, azadlıq meydanında keçirilən mitinq zamanı təşkilatçılar tərəfindən zorakı çağırışlar səsləndirilib”. Nazir müavini əlavə edib ki, bu cür çağırışlar 4 oktyabr mitinqindən əvvəl də yayımlanıb.

DİN-in açıqlamasına görə, polis dəfələrlə mitinq iştirakçılarına müraciət edərək aksiyanın qanun çərçivəsində və dinc formada keçirilməsinə çağırıb, lakin zorakı çağırışlardan sonra bəzi iştirakçılar və təşkilatçılar Atonele küçəsində yerləşən Prezident Sarayının baryerlərini dağıdaraq, binanı ələ keçirməyə cəhd göstəriblər.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 317-ci, 222-ci, 225-ci və 187-ci maddələri üzrə istintaq aparılır. Nazir müavininin sözlərinə görə, istintaqın nəticələri və yeni detallar barədə ictimaiyyətə mərhələli şəkildə məlumat veriləcək.

Məlumata görə, Murtaz Zodelava və İrakli Nadiradze Rustaveli prospektində, Paata Burçuladze isə “Helsikor” klinikasında saxlanılıb.

Xatırladaq ki, saxlanılanların hamısı bu gün Paata Burçuladze tərəfindən təqdim olunan “4 Oktyabr Aksiyasının Təşkilat Komitəsinin” üzvləridir.

mənbə: Intrepress.ge