Latviya Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimin ləğvinə qoşulacaq

Latviya Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimin ləğvinə dair Estoniyanın qərarına qoşulacaq.
Bu barədə Latviyanın Gürcüstandakı səfiri Edita Medne jurnalistlərə açıqlamasında bildirib.
“Biz daxili prosedurlarımıza uyğun hərəkət edirik, buna görə də konkret tarix deyə bilmərəm, amma düşünürəm ki, bu, bir ay ərzində baş verəcək, bəlkə bir az daha uzun çəkə bilər, amma biz də bu qərara qoşulacağıq,” – deyə səfir qeyd edib.
O həmçinin vurğulayıb ki, Gürcüstan üçün Avropa İttifaqına üzvlük son dərəcə önəmlidir və Latviya da illər əvvəl eyni yolu keçib. Səfirin sözlərinə görə, Aİ-yə üzv olmaq üçün bütün tələbləri yerinə yetirmək vacibdir və bu proses həmrəylik tələb edir.
“Bu gün bayram və ümid günüdür. Latviya Aİ-yə üzv olduqdan sonra həyatımız dəyişdi. İndi biz təhlükəsiz, qaydalara əsaslanan demokratik dünyanın bir hissəsiyik,” – deyə Medne bildirib.
mənbə: interpress